Mingəçevirin başçısı barədə ağır iddialar: İlham İsmayılovu Mehdiyevlə kim görüşdürüb?
Gundem.info.az Yenicag.az-a istinadən xəbər verir ki, icra başçısının fəaliyyətindən narazı olanlar İlham İsmayılovun da vəzifədən azad olunmasının regionların inkişafına böyük dəstək olacağı qənaətindədirlər.
Belə ki, əksər qəzalı binaların aşağı mərtəbələrinə İ.İsmayılovun yaxınlarının “çökərək” oranı qeyri-yaşayış yerinə çevirdiklərini, bundan başqa, adı qırmızı kitaba düşən yulğun ağaclarından tutmuş, qoca çinarlara qədər bir sıra yaşıllığın məhz başçının “xeyir-duası” ilə kəsilərək yerinə obyektlər tikdirdiyini qeyd edirlər.
Başçının şəhərə ekoloji cəhətdən kabus yaşatdığını söyləyən Mingəçevir sakinləri İlham İsmayılovla bağlı başqa bir iddianı da gündəmə gətiriblər. Onların sözlərinə görə, İlham İsmayılov sabiq nəqliyyat naziri Ziya Məmmədovun icra hakimiyyəti sistemindəki son adamıdır.
Belə ki, eks-nazirin dəstəyi ilə əvvəl Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Aran Regional İnkişaf Şöbəsinin müdiri, 2008-2018-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifələrində çalışan İ. İsmayılov Ziya Məmmədovun “vurulması”ndan sonra Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə “çıxış” tapıb. Məhz akademikin xeyir-duası ilə icra başçısı təyin olunub. Onun bu təyinatında deputat Aydın Mirzəzadənin xüsusi rolunun olduğu da vurğulanır. Bu səbəbdən də son iki parlament seçkisində icra başçısının deputatın yolunu “təmizləməkdə” xüsusi canfəşanlıq etdiyi qeyd olunur.
1 dəfə oxundu











