Bakı metrosu 24 saat fəaliyyət GÖSTƏRƏCƏK? – Rəsmi AÇIQLAMA

Bakı metrosu 24 saat fəaliyyət GÖSTƏRƏCƏK? –
Paytaxt sakinlərinin gecə saatlarında daha çox hərəkətdə olduğu müşahidə edilir. Üstəlik beynəlxalq tədbir, konsert və ya hər hansı mədəni-kütləvi tədbirlər zamanı insanların rahat nəqliyyat növü kimi metrodan istifadəsi daha əlverişlidir.

Bu səbəbdən də Bakı metrosunun fəaliyyət saatlarının uzadılması məsələsi vaxtaşırı gündəmə gəlir. Belə bir addım həm gecə saatlarında tıxacların qarşısını almağa, həm də insanların gecə gəzintilərinə şərait yaradılmasına imkan verə bilər.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində metro 24 saat fəaliyyət göstərir.

Bəs, Bakı metrosu 24 saat fəaliyyət göstərə bilərmi?

Mövzu ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanladıq. Qurumdan Bizim.Media-ya verilən açıqlamada bildirildi ki, metro stansiyalarının iş saatları texniki və əməliyyat qaydalarına uyğun olaraq, günün saatları üzrə əhalinin ictimai nəqliyyata olan tələbatı nəzərə alınmaqla müəyyənləşdirilir:

“Gecə saatlarında stansiya və tunel infrastrukturunda normativ tələblərə uyğun texniki baxış, qulluq və təmir işləri aparılır.

Bu işlər təhlükəsiz sərnişindaşımanı təmin etmək və bütün infrastrukturun saz vəziyyətdə saxlanılması məqsədilə həyata keçirilir. Məhz bu səbəbdən Bakı metropoliteninin 24 saat fasiləsiz fəaliyyət göstərməsi hazırda mümkün hesab olunmur”, - deyə qurumdan bildirilib.

Metropolitendən o da qeyd olunub ki, xüsusi günlərdə, paytaxtda keçirilən mədəni-kütləvi tədbirlər zamanı zərurət yaranarsa, metro stansiyalarının iş vaxtı uzadılır və sərnişinlərin rahat, təhlükəsiz daşınması təmin edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
51 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...