Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov pedoqoji heyətdə narazılıq niyə yaradır?

İddialara görə, rektor Anar Eminovun təyin olunmasından sonra universitetdə tədrisdən kənar məsələlər daha çox diqqət mərkəzinə gətirilir və bu, tədrisin keyfiyyətinə mənfi təsir göstərir.
Kollektivin iddialarına əsasən, rektor özünə yaxın şəxsləri işə gətirib, bir sıra əməkdaşları isə vəzifələrindən azad edib. Etiraz edənlər bildirirlər ki, rektor irad bildirənlərə “Mən Cənab Prezidentin imzası ilə təyin olunmuşam, mənə heç kim heç nə edə bilməz” deyə cavab verir.
Müəllim və texniki işçilərin sözlərinə görə, Anar Eminov universiteti şəxsi obyekt kimi idarə edir, xoşuna gəlməyən əməkdaşları hüquq-mühafizə orqanları ilə hədələyir. Hətta universitetin girişindəki mühafizəçilərə göstəriş verildiyi iddia olunur – narazı işçilər binaya buraxılmır və universitetin yaxınlığına gəlmələri əngəllənir.
Kollektiv, həmçinin, rektorun təyin edilməsindən qısa müddət keçməsinə baxmayaraq, universitetin inkişafı üçün ayrılan milyonlarla vəsaitin aqibətinin qeyri-müəyyən olduğunu bildirir. Bu səbəbdən narazılıqlar pik həddə çatıb və yaxın günlərdə kollektivin ölkə başçısına müraciət edəcəyi gözlənilir.
Hazırda göstərilən iddialarla bağlı araşdırmaların davam etdiyi vurğulanır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (İdial Xəbər)
70 dəfə oxundu