MİQ-də təkrar iştirak ödənişli olur - 45-60 manat

MİQ-də təkrar iştirak ödənişli olur -
“MİQ-də iştirak etmək üçün ilkin variantda təqribən 45-60 manat arasında vəsait ödənilməsi nəzərdə tutulur”​.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bildiyiniz kimi, hər bir namizəd qeydiyyatdan keçərək müsabiqədə iştirak etmək üçün müraciət edir. Amma nəticədə müraciət edən şəxsin müsabiqədə iştirak etməsi arasında disporposional fərq yaranır. Təxminən hər il 10-12 min qeydiyyatdan keçən şəxs həmin imtahanda iştirakdan imtina edir.

Bu da təbii ki, o müsabiqə ilə bağlı izafi xərclərə səbəb olur. Bunun da qarşılanması çətinləşir. Bu dəyişiklik ona xidmət edir ki, əlçatan bir rəqəm müəyyənləşsin. Təbii ki bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Müsabiqədə iştirak etmək üçün təxminən 45-60 manat arasında vəsait ödəniləcək. Bu, ilk dəfə müraciət edən şəxslərə və güzəştli kateqoriyaya daxil olan insanlara şamil edilməyəcək”, - şöbə müdiri bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev də yeni tədris ilinə dair media üçün brifinqdə MİQ imtahanlarının ödənişli olması ilə bağlı danışıb.

Nazir deyib ki, MİQ imtahanı ilk dəfə iştirak edənlər, şəhid ailələrinin üzvləri və digər xüsusi şəxslər üçün ödənişsiz olacaq.

“MİQ imtahanı üçün 60 min adam müraciət edir, 48 min nəfər gəlir, bu da bizim üçün əlavə xərcdir. 12 min şəxsin gəlməməsi onlara ayrılmış texniki resursun istifadə olunmaması deməkdir. MİQ imtahanının qiyməti çox yüksək olmayacaq. Burada məqsəd pul yığmaq deyil, məsuliyyət yaratmaqdır”.

“Cəmiyyətimiz müsahibə ilə imtahana inanmır. MİQ imtahanı köklü dəyişilməlidir. MİQ-in ən yaxşı yolu müsahibə ilə işə qəbuldur. Lakin inam olmadığı üçün bunu həyata keçirə bilmirik”, - E. Əmrullayev əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
59 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...