Azərbaycanda kartof “böhranı” – Səbəb nədir?

  Azərbaycanda kartof “böhranı” –
Bu ilin ilk 3 ayı ərzində Azərbaycan xarici ölkələrdən 55 min 49 ton kartof idxal edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kartofun ümumi gömrük dəyəri 17 milyon 798 min dollar olub.
Açıqlanan rəqəmlərə istinadən apardığımz hesablama göstərir ki, idxal olunan 1 kiloqram kartofun gömrük dəyəri 55 qəpiyə (32 sent) bərabər olub.
Bu ilin ilk 3 ayında Azərbaycan aşağıdakı ölkələrdən kartof idxal edib:

Türkiyə – 36 737,5 ton (53 qəpik);
Gürcüstan – 12 878,8 ton (58 qəpik);
Pakistan – 3 187,4 ton (73 qəpik);
İran – 1 778,9 ton (44 qəpik);
Rusiya – 185,2 ton (45 qəpik);
Qırğızıstan – 128,1 ton (53 qəpik);
Misir – 112 ton (1,3 manat);
Qazaxıstan – 21,4 ton (43 qəpik);
Belarus – 20 ton (53 qəpik).

Məlumat üçün qeyd edək ki, bu ilin ilk 3 ayında Azərbaycandan Rusiyaya 1 009,4 ton kartof ixrac olunub. Rusiyaya satılan kartofun 1 kiloqramının gömrük dəyəri 55 qəpik olub.
Onu da bildirək ki, Azərbaycanda kartof istehsalı yerli tələbatı ödəmir. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda da qeyd olunurdu ki, yerli tələbatı ödəmək üçün 2015-ci ildə 1,12 milyon ton kartof istehsal olunmalıdır. Lakin, Dövlət Proqramının başa çatmasında 10 il sonra – 2024-cü ildə ölkədə cəmi 927,4 min ton kartof istehsal edilib. Kartof istehsalının azalmasının əsas səbəbi əkin sahələrinin azalması ilə bağlıdır. Belə ki, 2015-ci ildə ölkədə 61 min hektar sahədə kartof əkildiyi halda 2024-cü ildə 46,7 min hektar sahədə karof əkilib.
Apardığımzı araşdırma göstərir ki, Azərbaycanda kartof istehsalının azalması və buna paralel olaraq idxalının artmasının əsas səbəbi xaricdən daha ucuz qiymətə kartofun gətirilməsidir. Bu isə yerli istehsalçı üçün rəqabəti çətinləşdirir.
İdxalın istehsaldan daha asan və ucuz başa gəlməsi kartof əkininə marağı azaldır. Yerli istehsalçıların rəqabətdə uduzmalarının səbəbi də bu sahədə elmi və texnoloji yeniliklərdən istifadə edilməməsidir.
Açıqlanan son məlumatlara görə, Azərbaycanda kartofun məhsuldarlığı hər hektara görə təxminən 20 ton təşkil edir. Müqayisə üçün qeyd edək ki, Türkiyədə bu göstərici 38 ton, İranda isə 31 tona bərabərdir. İnkişaf etmiş Avropa ölkələrində isə kartofun məhsuldarlığı daha yüksəkdir. Məsələn, Almaniyda kartofun məhsuldarlığı hər hektara görə təxminən 44 ton, Fransada 42 ton, İngiltərədə 41 ton, İspaniyada 32 ton təşkil edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
97 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...