Azərbaycanda elmi ad almaq niyə çətinləşir (ŞƏRH)
2025-ci ilin I yarısında 13 nəfərə elmlər doktoru elmi dərəcəsi, 18 nəfərə isə dosent elmi adının verilməsinə imtina edilib.Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb. Bundan başqa, ilin birinci yarısında 51 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib. Dosent elmi adının verilməsinə gəlincə, bu il 285 nəfər bu adı qazanıb.
Prezident yanında Ali Attestasiya Komissiyasının mütəmadi olaraq elmi dərəcə, elmi ad almaq üçün iddiaçı olanlar haqqında bu məlumatları təqdim etməsi təqdirəlayiq haldır. Amma Ali Attestasiya Komissiyasının mütəxəssisləri qaranlıq qalan məsələlərə aydınlıq gətirsələr daha faydalı olardı. Məsələn, elmi ad və ya dərəcə almaq istəyənləri maraqlandıran əsas suallar iddiaçılara imtina verilməsi ilə bağlı olur.
Bəs hansı hallarda iddiaçıya imtina verilə bilər? Bir dəfə imtina almış şəxs yenidən müraciət etmək üçün hansı prosedurlardan keçməlidir? Eyni zamanda, ötən illərlə müqayisədə elmi dərəcələr və adlar verilməsi sahəsində vəziyyət necədir? Tendensiya azalmağa, yaxud inkişaf etməyə doğru gedir?
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı "Yeni Müsavat”a bildirib ki, son illər elmi adların verilməsi ilə bağlı müvafiq qaydalarda dəyişikliklər edilib. "Əvvəlki dövrlərdə elmi ad almaq sanki bazardan hər hansı geyim və ya ərzaq almağa bənzəyirdi. Bu səbəbdən də qaydalarda dəyişiklik etmək zərurəti yaranmışdı. Bir neçə il əvvələ nəzər salsaq görərik ki, hətta yazdığı elmi məqalədən xəbəri olmayan, heç bir elmi araşdırma aparmayan kifayət qədər şəxslər elmi ad almışdı. Halbuki onların nə beynəlxalq səviyyədə elmi araşdırmaları, nə də nüfuzlu jurnallarda dərc olunmuş məqalələri vardı. Bu baxımdan dəyişikliklərin edilməsi vacib idi.
Hazırkı vəziyyətdə elmlər doktoru və fəlsəfə doktoru elmi adını almaq üçün Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi prosedurlardan keçmək lazımdır. İlk növbədə namizədlər xarici dil imtahanı verməlidirlər. Onların nəticəsi müvafiq müsabiqə şərtlərinə uyğun gəlirsə, bundan sonra doktorantura pilləsinə qəbul olunurlar. Elmi tədqiqat apardıqları müddətdə isə onların məqalələri bir neçə nüfuzlu beynəlxalq təşkilat və jurnallarda dərc edilməlidir. Bu şərtlər yerinə yetirildikdən sonra namizədlər elmi işlərini müdafiə edə bilirlər", - ekspert deyib. Onun fikrincə, belə qərarların qəbul edilməsi əvvəlki "bazar təfəkkürü”ndən uzaqlaşıb, daha obyektiv və yenilikçi yanaşma ilə elmi adların verilməsinə şərait yaradır.
Təhsil eksperti Kamran Əsədov da qeyd edib ki, Azərbaycanda elmi dərəcə və ad almaq məsələsində son 4 ildə ciddi müsbətə doğru dəyişiklik var: "2025-ci ilin ilk yarısına dair açıqlanan rəqəmlər göstərir ki, 51 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib, 285 nəfər isə dosent elmi adı alıb. Bununla yanaşı, 13 nəfərə elmlər doktoru, 18 nəfərə isə dosent elmi adı verilməsindən imtina olunub. Bu rəqəmlər bir tərəfdən göstərir ki, proses tamamilə dayandırılmayıb, müəyyən sabitlik var, amma digər tərəfdən də onu təsdiqləyir ki, iddiaçıların xeyli hissəsi müvafiq meyarları ödəyə bilmir. Əgər ümumi nisbətə baxsaq, təqribən hər beş nəfərdən biri müəyyən səbəblərdən elmi ad və ya dərəcə almaqdan kənarda qalır”.
Onun sözlərinə görə, universitetlərdə elmi məktəblər zəif inkişaf edib, doktorantların əksəriyyəti isə yalnız formal tədqiqat aparır: "Belə şəraitdə iddiaçının yüksək impakt faktorlu jurnallarda məqalə dərc etdirməsi faktiki olaraq onun şəxsi imkanlarına və xarici əlaqələrinə bağlıdır. Dövlətin dəstəklədiyi xüsusi proqramlar yoxdur, Elm və Təhsil Nazirliyi bu istiqamətdə nə resurs ayırır, nə də marifləndirmə aparır”.
Ekspertə görə, müsbət tərəf isə ondan ibarətdir ki, qoyulan sərt tələblər elmi keyfiyyətin qorunmasına xidmət edir: "Əgər hər oxuyan və ya müəyyən qədər məqalə çap etdirən asanlıqla elmi ad və dərəcə ala bilsəydi, bu, elmi dəyəri tamamilə ucuzlaşdırardı. Ali Attestasiya Komissiyasının ciddi filtri ən azından elmi səviyyənin müəyyən həddən aşağı düşməsinin qarşısını alır. Bu da gələcəkdə ölkənin beynəlxalq elmi nüfuzunu qorumaq üçün vacibdir”.
K.Əsədov deyib ki, dünya təcrübəsi ilə müqayisədə Azərbaycanın vəziyyəti daha aydın görünür: "Almaniyada doktorantura təhsili ”dual model" əsasında təşkil olunur: gənc tədqiqatçılar həm universitetlərdə elmi məktəblərin bir hissəsi olurlar, həm də sənaye və ya dövlət layihələrində maliyyə dəstəyi alırlar. ABŞ-da PhD proqramları həm universitetin daxili fondları, həm də qrant layihələri hesabına maliyyələşdirilir, tələbələrin xarici jurnallarda məqalə dərc etdirməsi üçün resurs ayrılır. Skandinaviya ölkələrində doktorantlara xarici universitetlərlə birgə tədqiqat aparmaq üçün dövlət dəstəyi məcburi şərt kimi qoyulur. Azərbaycanda isə bu mexanizmlərdən heç biri mövcud deyil, nəticədə iddiaçılar çox zaman yalnız formal məqalələrlə kifayətlənir və beynəlxalq tələblərə cavab verməkdə çətinlik çəkirlər. Gələcəkdə dəyişəcək olan odur ki, indiki sistem davam edərsə, elmi ad və dərəcə alanların sayı az qala formal rəqəmlərlə məhdudlaşacaq, imtina halları isə artacaq. Çünki tələblər sərtləşir, amma iddiaçıların onları yerinə yetirməsi üçün şərait yaradılmır".
62 dəfə oxundu