Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Rəşad Babayev ilkin məhkəmə instansiyasında demişdi ki, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. İttihama görə o, qurumun 194 min manatını mənimsəyib. Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (Rabitə) Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib. Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb.
Bütün bu faktlar ortadadır. İcra başçısı çirkin işlərdə iştirak edib. Amma məsuliyyətə cəlb olunmayıb. Ən azından istintaqa ifadə verməmiş olmaz. Rəşad Babayev məhkəmədə deyir ki, tapşırıqları Seymur Orucovdan alıb, mənimsəməyə məcbur edilib, hətta etiraf edir ki, işə bərpa ilə bağlı aldığı 20 min manatı icra başçısına verib, lakin yenə də Ağstafa rayon rəhbəri bu prosesdən qurtula bilib. Faktik olaraq 20 min manat alaraq vətəndaşı işədüzəltmə adı ilə aldadan şəxsin rəhbərlik etdiyi rayonda durumu təsəvvür etmək çətin deyil. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə, Ağstafa rayonu İcra Hakimiyyəti Başçısı Seymur Orucovun Qarahəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz İsgəndərova qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıla bilər. Bu barədə kənd sakini Elmin Süleyman oğlu Mustafayevin şikayət ərizəsində bildirilir. Qarahəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz İsgəndərov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd sakini Elmin Süleyman oğlu Mustafayevdən uşaqlarına sosial müavinat düzəltmək qarşılığında 8000 (səkkiz min) manat alaraq mənimsəyib. Artıq iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə aldığı pulu qaytarır nə də ki, verdiyi vədə əməl etmir. Məsələ ilə bağlı Qarahəsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz İsgəndərova aid telefon nömrəsi ilə əlaqə saxlasaq da məsələnin mahiyyətini bildikdən sonra bizimlə danışan şəxs adının Hafiz olduğunu bildirsə də, icra nümayəndəsi olmadığını dedi.
Mövzunu diqqətdə saxlayacağıq.
80 dəfə oxundu