Hantavirusun müalicəsi və vaksini var?
Demokrat.az xəbər verir ki, Avropa Dərman Agentliyi (European Medicines Agency – EMA) virusa qarşı hələlik klinik olaraq təsdiqlənmiş antiviral müalicə və ya vaksinin olmadığını vurğulayıb.
EMA-nın mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin nümayəndəsi Yasmina Alkazar bildirib ki, hantavirus infeksiyalarında mövcud yanaşma erkən diaqnoz və dəstəkləyici müalicədir. Onun sözlərinə görə, virusun heyvanlardan yoluxan təbiəti səbəbindən vaksin və antikor hazırlanması istiqamətində işlər aparılır, lakin proses hələ ilkin mərhələdədir.
Rəsmilər bəzi antiviral preparatların digər xəstəliklərdə istifadə olunduğunu, lakin hantavirus üçün effektivliyini təsdiqləyən yetərli klinik sübutların olmadığını bildirib. Xüsusilə COVİD-19 dövründə istifadə edilən favipiravir kimi dərmanların bu virusa qarşı tövsiyə olunmadığı, hər preparatın laborator və klinik mərhələlərdən keçmədən istifadəsinin doğru olmadığı qeyd edilib.
Qeyd edək ki, hantavirus "MV Hondius" gəmisində baş verən yoluxma halları ilə yenidən beynəlxalq gündəmə gəlib. 1 apreldə Argentinadan yola çıxan gəmidə səyahət zamanı bir sıra yoluxma və ölüm halları qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hadisəni izlədiyini bildirir, bəzi sərnişinlərin müxtəlif ölkələrdə aparılan testlərində müsbət nəticələr aşkarlanıb.
EMA-nın məlumatına görə, qurum fövqəladə vəziyyət işçi qrupu vasitəsilə hantavirusa qarşı vaksin və müalicə hazırlığı proseslərini dəstəkləməyə hazırdır. Qurum xüsusilə kemiricilər vasitəsilə yayılan Bunyaviricetes sinfinə aid viruslarla bağlı tədqiqatların izlənildiyini və tənzimləyici prosedurların sürətləndirilə biləcəyini açıqlayıb.
Hantavirus nədir?
Mütəxəssislərə görə, hantavirus əsasən gəmiricilərin nəcis, sidik və tüpürcəyi vasitəsilə yayılır. Çirklənmiş havanın tənəffüsü və ya birbaşa təmas yolu ilə yoluxa bilən virus yüksək hərarət, əzələ ağrısı və halsızlıq kimi simptomlarla başlayır.
İrəliləmiş hallarda isə tənəffüs çatışmazlığı, böyrək çatışmazlığı və daxili qanaxma kimi ağır fəsadlar yarana bilər. Rəsmilər riskli mühitlərdə gigiyena və qoruyucu tədbirlərin mühüm olduğunu vurğulayır.
5 dəfə oxundu












