Rəhbərliyi "silinən" “Azərlotereya”da maliyyə xaosu Gizlədilən sənədlər və dividend şəklində çıxarılan milyonlar... FOTOFAKT
Belə ki, hazırda portalda yalnız 2018-2024-cü illəri əhatə edən arxiv sənədləri mövcuddur.
32gun.az olaraq biz də bu səbəbdən sonuncu təqdim edilən 2024-cü il hesabatını analiz etməyə çalışdıq. Lakin qarşıya çıxan mənzərə ASC-nin son dövrlərdə "şəffaflıqdan" yayınması üçün tutarlı "bəhanə"sinin olmasını sübut edir.
Qazanılan milyonlar şirkətdən necə çıxarılır? Dividend siyasəti
Hesabatın ən diqqətçəkən məqamı şirkətin əldə etdiyi mənfəəti daxili inkişafa deyil, sürətlə kənara çıxarmasıdır. Belə ki, qurum 2024-cü ili 61,8 milyon manat xalis mənfəətlə başa vursa da, dərhal 52,2 milyon manat məbləğində dividend ödənişi həyata keçirib. Bu o deməkdir ki, şirkət qazandığı hər manatın 84 qəpiyini dividend şəklində çıxarıb (yəni mənfəətin biznesi böyütmək və ya ehtiyat yaratmaq üçün şirkətdə saxlanılmayıb, birbaşa səhmdarlara paylanılması). 2023-cü ildə bu rəqəmin 22,3 milyon manat olduğunu nəzərə alsaq, mənfəətin paylanma sürətinin iki dəfədən çox artması müəyyən suallar doğurur.
Borc Bataqlığı: Debitor borclarının kəskin artımı
Şirkətin maliyyə dayanıqlığı üçün ən böyük təhlükələrdən biri debitor borcları, yəni tərəfdaşların "Azərlotereya"ya olan ödənməmiş borclarıdır. Hesabat göstərir ki, bu borclar cəmi bir il ərzində 5,3 milyon manatdan rekord həddə — 13,9 milyon manata yüksəlib. Alacaqların bu qədər sürətlə artması şirkətin idarəetmə mexanizmindəki boşluqlardan və vəsaitlərin toplanmasında yaranan ciddi problemlərdən xəbər verir. Bu, kağız üzərində mənfəət görünsə də, realda nağd pulun şirkətdən kənarda "donub qalması" deməkdir.
Reklam və marketinq xərclərindəki "iştaha"
Qurumun xərclər bölməsində reklam və marketinqə ayrılan vəsaitlərin miqyası da tənqidə açıqdır. 2023-cü ildə reklam üçün 15,6 milyon manat xərcləyən ASC, 2024-cü ildə bu məbləği 20,6 milyon manata çatdırıb. Satışların artırılması məqsədilə xərclənən bu qədər böyük vəsaitin nə dərəcədə səmərəli olduğu və hansı kanallara yönləndirildiyi maliyyə hesabatlarında qaranlıq qalır. Xüsusilə İT və sistem dəstəyi xərclərinin də 13,1 milyondan 21,9 milyon manata yüksəlməsi əməliyyat xərclərinin nəzarətdən çıxdığı təəssüratını yaradır.
Öhdəliklərin ağırlığı və nağd pul azalması
Hesabatın aktivlər və öhdəliklər hissəsi də ürəkaçan deyil. Şirkətin cəmi öhdəlikləri 67,4 milyon manatdan 76,2 milyon manata qədər artıb. Xüsusilə uduşlar üzrə kreditor borclarının 22,1 milyon manata çatması, qurumun üzərindəki maliyyə yükünün ağırlaşdığını sübut edir. Bütün bunların fonunda ilin sonunda şirkətin əlindəki nağd pul vəsaitlərinin 40,1 milyon manatdan 39,3 milyon manata düşməsi, böyük mənfəət rəqəmlərinə baxmayaraq, şirkətin real likvidlik vəziyyətinin zəiflədiyini göstərir.
Görünən odur ki, "Azərlotereya" ASC şəffaflıqdan daha çox mənfəətin sürətli "bölüşdürülməsi" və xərclərin artırılması yolu ilə fəaliyyət göstərir ki, bu da dövlət əhəmiyyətli bir qurum üçün ciddi risklər vəd edir.
***
İdarəetmədə İnformasiya "blokadası"
Qurumun "şəffaflıqdan yayınma" strategiyasının növbəti nümunəsi rəhbərlik siyahısının saytdan silinməsidir. Hazırda portalda nə İdarə Heyəti, nə də Müşahidə Şurasının üzvləri barədə məlumat tapmaq mümkündür.
XATIRLATMA: “Misli.az”-ın reklamında erməni əsilli qumarbaz Dan Bilzerian qalmaqalı
2022-ci ildə “Azərlotereya” ASC-nin “Misli.az” platforması sosial şəbəkədə böyük uduş qazanan şəxsin görüntülərini paylaşarkən fon musiqisi olaraq Doğu Swag-ın “Maşallah” mahnısından istifadə edib. Lakin mahnının nəqarətində adı çəkilən Dan Bilzerian, 2018-ci ildə Azərbaycanın o vaxtkı işğal altındakı torpaqlarına qanunsuz səfər edərək Ermənistana silah yardımı və hərbi dəstəyi ilə yadda qalan qalmaqallı bir simadır. Təxminən 235 milyon dollar sərvəti olan erməni əsilli bu dünyaca məşhur qumarbaz və "poker kralı" həm də qeyri-etik həyat tərzi ilə tanınır ki, belə bir şəxsin adının yerli mərc saytının reklamında hallanması o dövrdə ciddi ictimai reaksiyaya səbəb olmuşdu.
63 dəfə oxundu














