Füzuli Rzaquliyev vəfat edib
Bu barədə Qaziler.az-a Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məlumat verib.
Onun verdiyi məlumata görə, Füzuli Rzaquliyev bu gün dünyasını dəyişib.
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Füzuli Rzaquliyevin insultdan vəfat etdiyi bildirilir.
"Təxminən 7-8 il bundan əvvəl də insult keçirmişdi. O vaxt müalicə aldı, keçdi. İndi qəfil olub. Birinci Qarabağ Müharibəsinin iştirakçısıdır.Müdafiə Nazirliyinin batalyonu olan "Şıxov" batalyonunun döyüşçüsü olub. Zabit idi", - Rey Kərimoğlu deyib.
Füzuli Rzaquliyev 1961-ci il yanvarın 5-də Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub.
Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına qoşulan Rzaquliyev 1991–1994-cü illərdə müxtəlif döyüş istiqamətlərində xidmət edib. Şuşa, Kəlbəcər, Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib, tabor komandirinin birinci müavini və qərargah rəisi vəzifəsində çalışıb. Döyüşlər zamanı ağır yaralansa da, atəşkəsədək hərbi xidmətini davam etdirib. Döyüş yoldaşları arasında “Koroğlu” ləqəbi ilə tanınıb.
Atəşkəsdən sonra veteranların hüquqlarının müdafiəsi və onların bir araya gətirilməsi istiqamətində fəaliyyət göstərən Füzuli Rzaquliyev 1994-cü ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib.
Onun oğlu, baş leytenant İlkin Rzaquliyev də 2020-ci il Vətən müharibəsində könüllü iştirak edib. Döyüşlərdə yaralanmasına baxmayaraq, yenidən cəbhəyə qayıdan zabit “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
22 dəfə oxundu










