Sentyabrda bu ərzaqlar bahalaşa bilər - SİYAHI

Sentyabrda bu ərzaqlar bahalaşa bilər - Ərzaq bazarında qiymət artımı yenidən gündəmdədir. Mövsüm dəyişikliyi ilə bəzi məhsulların bazara çıxışında və tədarükündə yaranan dəyişikliklər, idxal xərcləri və istehsal maya dəyərinin artması qiymətlərə təsir edən əsas amillər sırasında göstərilir.

Bəs sentyabrda hansı ərzaqların qiyməti arta bilər?

"GUNDEMİNFO" Globalinfo.az-a istinadla xəbər verir ki, iqtisadçı Asif İbrahimov ərzaq bazarında qiymət artımını hər dəfə mövsümi amillərlə izah etməyin doğru olmadığını bildirib.

“Sentyabr ayında kartof, soğan, meyvə-tərəvəz, süd məhsulları, ət, un və un məmulatlarının qiymətində artım ola bilər. Mövsüm dəyişikliyi ilə bəzi məhsulların yerli təklifi azalır və idxala ehtiyac artır.

Yanacaq, gübrə, enerji, su və logistika xərclərinin artması məhsulun maya dəyərinə təsir göstərə bilər. Lakin maya dəyərinin 10 faiz artdığı halda pərakəndə qiymətin 20-30 faiz yüksəlməsi avtomatik şəkildə əsaslandırıla bilməz. Dövlət yalnız qiymət artımını müşahidə etməməli, bahalaşmanın hansı mərhələdə və hansı səbəbdən yarandığını müəyyənləşdirməlidir”, deyə o qeyd edib.

Asif İbrahimovun sözlərinə görə, fermer məhsulunu aşağı qiymətə satır, istehlakçı isə həmin məhsulu dəfələrlə baha alırsa, burada qiymət zəncirinin şəffaflığı məsələsi ortaya çıxır:

“Məhsulun tarladan mağazaya qədər keçdiyi bütün mərhələlərdə yaranan xərc və marjalar müəyyən edilməlidir. Fermerin də, istehlakçının da uduzduğu, vasitəçilik zəncirinin isə böyüdüyü sistem sağlam bazar hesab oluna bilməz.

Dövlət hansı məhsul üzrə nə qədər idxala ehtiyac yaranacağını əvvəlcədən hesablamalı, daxili istehsalı planlaşdırmalı, saxlama imkanlarını genişləndirməli və strateji ehtiyatlar formalaşdırmalıdır”.

İqtisadçı hesab edir ki, problemin kökündə daha fundamental məsələ – iqtisadiyyatın idxal və istehlakdan yüksək asılılığı dayanır:

“Yüksək məhsuldarlıq, yerli emal və rəqabətli istehsal təmin edilmədikcə xarici bazarlardakı dəyişikliklərin ərzaq qiymətlərinə təsiri yüksək olacaq. Dövlət yalnız subsidiya ayırmaqla kifayətlənməməli, bu vəsaitin hansı nəticəni yaratdığını da tələb etməlidir. Subsidiyalar məhsulun həcminə deyil, məhsuldarlığa, texnologiyaya, suya qənaətə, emala və ixrac imkanlarına bağlanmalıdır. Hər bir strateji ərzaq məhsulu üzrə 12 aylıq tələb-təklif balansı hazırlanmalı, istehsal, istehlak, idxal, anbar ehtiyatları və qiymətlər vahid rəqəmsal platformada izlənilməlidir. Aidiyyəti qurumların məlumatları bir sistemdə birləşdirilməli, ehtiyatlar kritik həddə yaxınlaşdıqda qabaqlayıcı tədbirlər görülməlidir.

Fermerlərin bazarda daha güclü mövqeyə malik olması üçün kooperasiyaların inkişaf etdirilməsi, supermarket və emal müəssisələri ilə birbaşa müqaviləli satış imkanlarının genişləndirilməsi vacibdir. Regionlarda soyuducu anbar, çeşidləmə, qablaşdırma və emal infrastrukturu yaradılmalıdır. Fermer məhsulu yığım vaxtı ucuz satır, bir neçə ay sonra isə həmin məhsul istehlakçıya baha təklif olunursa, problemin səbəbi təkcə istehsalçıda deyil, bazar infrastrukturundadır”.

İqtisadçı aqrar kreditləşmədə də yanaşmanın dəyişdirilməli olduğunu bildirib:

“Kreditlərin müddəti real istehsal dövrünə uyğunlaşdırılmalı, güzəştli maliyyələşmə məhsuldarlığı artıran texnologiyalara, suya qənaət edən sistemlərə, müasir avadanlıqlara və emala yönəldilməlidir. Dövlət tərəfindən verilən subsidiya və kreditlərin nəticəsi ölçülməli, effektiv olmayan mexanizmlər dəyişdirilməlidir. Qiymət zəncirinin rəqəmsal monitorinqi də vacibdir. Fermerdən marketə qədər məhsulun qiyməti izlənilməli, istehsalçı, topdansatış, logistika və pərakəndə qiymətlər müqayisə edilməlidir”.

Asif İbrahimov hesab edir ki, dövlət öz fəaliyyətini konkret nəticələrlə ölçməlidir:

“Qarşıdakı illər üçün idxaldan asılılığın nə qədər azalacağı, məhsuldarlığın və fermer gəlirlərinin nə qədər artacağı, məhsul itkilərinin və istehsalçı ilə istehlakçı qiyməti arasındakı fərqin nə qədər azalacağı əvvəlcədən müəyyənləşdirilməlidir. Əks halda sentyabrda “mövsümdür”, oktyabrda “logistikadır”, noyabrda “idxaldır”, dekabrda isə “dünya bazarıdır” deyə-deyə eyni problemi izah etməyə çalışacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
8 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...