Saatlıda məktəbləri kimlər bağlayır? İLGİNC İDDİA

Saatlıda məktəbləri kimlər bağlayır? Əvvəllər də qeyd etdiyim kimi Mustafabəyli və Bəylik kəndlərinin yeganə məktəbi olan Saatlı rayon Mirağa Ağayev adına Mustafabəyli kənd tam orta məktəbinin 9 illik məktəbə çevrilməsi üçün məktəb kollektivinə yuxarı qurumlar tərəfindən təzyiq göstərildiyi barədə məlumatlar var.

GUNDEMİNFO xəbər verir ki, bu barədə Abış Astanov adlı Saatlı sakini öz sosial şəbəkə hesabında məlumat verib.

Daha sonra bildirib ki, səbəb kimi də onu göstərirlər ki, 10-cu sinifdə şagird sayı 20 nəfərdən az olmamalıdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 22 iyun tarixli 212 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı NORMALARI"nın 2-ci və 3-cü bəndlərində deyilir:

"2. Dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.
3. Dövlət ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil edilir".
Bununla bağlı kənd sakinləri və məktəb kollektivinin aidiyyəti qurumlara aşağıdakı sualları var:
1. Əgər həmin NORMALARIN 3-cü bəndində şagird sayı 20 nəfərdən az olan sinfin mövcud şagird sayı ilə təşkil edilməsi nəzərdə tutulursa, 10-cu sinfin bağlanması və məktəbin 9 illik məktəbə çevrilməsi hansı konkret normativ-hüquqi akta, hansı maddə və bəndə əsasən tələb olunur?
2. Əgər məktəbin 9 illik edilməsinin qanuni əsası varsa, açıqlansın. Əgər yoxdursa, məktəb kollektivinə niyə təzyiq göstərilir?
3. Əgər 20 nəfərlik tələb məktəbin 11 illik statusunun dəyişdirilməsi üçün hüquqi əsasdırsa, bunun konkret hüquqi əsası nədir? Həmin normativ-hüquqi aktın adı, maddəsi və bəndi ictimaiyyətə açıqlansın.
4. 2024–2025-ci tədris ilində məktəbin 10-cu sinfinin təşkil edilməməsinin hüquqi əsası nə olmuşdur? Bu qərar hansı sənədə əsasən qəbul edilmişdir?
5. Əgər məktəbin 9 illik edilməsinin qanuni əsası varsa, niyə həmin hüquqi əsas kənd sakinlərinə və məktəb kollektivinə açıq şəkildə izah edilmir?
6. Əgər belə bir hüquqi əsas yoxdursa, məktəb kollektivinə niyə təzyiq göstərildiyi barədə aidiyyəti qurumların izahı nədir?
7. Və ən əsas sual: BU QƏRARIN ARXASINDA HANSI MƏQSƏD DAYANIR?
Mustafabəyli və Bəylik kəndinin uşaqları da tam orta təhsil almaq hüququna malikdirlər!
Mirağa Ağayev adına Mustafabəyli kənd tam orta məktəbinin 11 illik statusunun hansı hüquqi əsasla dəyişdirilmək istəndiyi ictimaiyyətə açıqlanmalıdır!
Qanuni əsas varsa — açıqlayın.
Qanuni əsas yoxdursa — təzyiqə son qoyun!
Kənd məktəbi kəndin gələcəyidir!

İddialarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən açıqlama almaq mümkün olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...