Azərbaycanda yeni təhlükə: Bu şəxslər öncədən müəyyən edilməlidir

Azərbaycanda yeni təhlükə: Son zamanlar Azərbaycanda ailə-məişət zorakılığı ilə bağlı qəribə xəbərlər yayılır. Yardımlıda kişinin həyat yoldaşının ayağına qızdırılmış dəmir basması və onu kəmərlə döyməsi, Bakıda isə kişinin münasibətini bitirmək istəyən sevgilisinin üzünə sulfat turşusu tökərək ağır xəsarətlər yetirməsi, başqa bir şəxsin keçmiş sevgilisinin gözünü mismarla çıxarmağa cəhd etməsi kimi yayılan xəbərlər narahatlıqla qarşılanır.

Məsələn, sulfat turşusu ilə hücum edən şəxs ifadəsində özündən sonra heç kimin onunla münasibət qurmaması üçün üzünü eybəcər hala salmaq məqsədilə kimyəvi maddə tökdüyünü bildirib. Digər təqsirləndirilən şəxs isə sevgilisinin mismarla gözünü çıxarmağa çalışmasını qadının hər dəfə güzgüyə baxanda onu xatırlamasını istəməsi ilə izah edib.

Xüsusilə bəzi hadisələrdə təqsirləndirilən şəxslərin qadını “cəzalandırmaq”, ondan qisas almaq və ya münasibəti bitirdiyinə görə zərər yetirmək niyyətində olduqlarını bildirməsi problemin psixoloji və sosial tərəflərini də gündəmə gətirir.

Bəs bir insanın başqasına bu cür aqressiv və zorakı davranışlarının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Zorakılığa meyilli şəxslərin vaxtında müəyyənləşdirilməsi üçün psixoloji qiymətləndirmə və müayinələr aparılmalıdırmı?

"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan psixoloq Zeynəb Əyyubova qadınlara qarşı zorakılıq yalnız fərdi problem deyil, həm də ciddi sosial və psixoloji təhlükədir deyib.

“Xüsusilə zorakılığın qızdırılmış dəmir, turşu, mismar kimi vasitələrlə törədilməsi göstərir ki, burada sadəcə ani əsəbdən yox, qarşı tərəfi cəzalandırmaq, qorxutmaq, idarə etmək və ona zərər vermək istəyindən söhbət gedir. Belə halların qarşısının alınması üçün ilk növbədə zorakılığın “ailə məsələsi” və ya “qısqanclıqdan doğan adi münaqişə” kimi təqdim edilməsinə son qoyulmalıdır. Zorakılığın hər forması ciddiyə alınmalı və ilk hadisədən etibarən müdaxilə mexanizmləri işə düşməlidir. Xüsusilə təhdid, təqib, münasibətə nəzarət, həddindən artıq qısqanclıq, keçmiş partnyoru izləmək, ayrılığı qəbul etməmək və fiziki zorakılıq kimi davranışlar risk siqnallarıdır”.

Psixoloq bildirib ki, zorakılığa meyilli şəxslərin vaxtında müəyyənləşdirilməsi üçün psixoloji qiymətləndirmə faydalı olar:

“Lakin bunu bütün kişilərə tətbiq edilən ümumi bir “aqressivlik testi” kimi görmək düzgün deyil. Psixoloji qiymətləndirmə riskli davranışlar artıq müşahidə edildikdə, xüsusilə məhkəmə, polis, sosial xidmətlər və ya ailədaxili zorakılıqla bağlı müraciətlər zamanı daha məqsədyönlü şəkildə aparılmalıdır. Qiymətləndirmə zamanı insanın aqressiyanı idarə etmək bacarığı, impulsivliyi, qısqanclıq səviyyəsi, nəzarət və dominantlıq davranışları, ayrılığa münasibəti, təhdidlərdən istifadə edib-etməməsi, empatiya qabiliyyəti və zorakılığa haqq qazandıran düşüncələri nəzərə alınmalıdır. Burada məqsəd kimisə əvvəlcədən “zorakılıq törədəcək şəxs” elan etmək yox, risk faktorlarını müəyyənləşdirib vaxtında müdaxilə etməkdir”.

Onun sözlərinə görə, yalnız psixoloji müayinə ilə problemin həll olunacağını düşünmək doğru deyil:

“Çünki zorakılığın kökündə sosial normalar, gender stereotipləri, münasibətlərdə nəzarət və sahiblik düşüncəsi, cəzasızlıq hissi, zorakılığın normallaşdırılması kimi amillər də dayanır. Buna görə psixoloqlar, hüquq-mühafizə orqanları, sosial xidmətlər və təhsil müəssisələri arasında koordinasiyalı mexanizm qurulmalıdır. Xüsusilə ayrılmaq istəyən qadının təhdid edilməsi və ya təqib olunması ciddi risk kimi qəbul edilməlidir. “Məni tərk edə bilməzsən”, “sənə zərər verəcəyəm”, “heç kimə qismət olmayacaqsan” kimi ifadələr sadəcə emosional reaksiya kimi qiymətləndirilməməlidir. Bu mərhələdə həm qadının təhlükəsizliyi təmin edilməli, həm də zorakılıq ehtimalı olan şəxsə vaxtında müdaxilə olunmalıdır.

Uşaqlıqdan sağlam münasibət, emosiyaların idarə olunması, konfliktlərin zorakılıqsız həlli, şəxsi sərhədlərə hörmət və “yox” cavabını qəbul etmək bacarığı öyrədilməlidir. Kişinin qadın üzərində nəzarət və sahiblik haqqının olmadığı fikri cəmiyyətdə daha aydın şəkildə formalaşdırılmalıdır. Ən vacib məqam budur ki, zorakılığın qarşısını almaq üçün hadisənin ağırlaşmasını gözləmək olmaz. İlk təhdid, ilk təqib, ilk fiziki zorakılıq və ilk ciddi nəzarət davranışı müdaxilə üçün siqnal olmalıdır. Erkən müəyyənləşdirmə və düzgün istiqamətləndirmə həm potensial qurbanı, həm də gələcəkdə daha ağır cinayət törədə biləcək şəxsi qorumaq baxımından əhəmiyyətlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
8 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...