“TikTok” ABŞ-yə 400 milyon dollar ödəyəcək
Yeniavaz.com “BBC News” telekanalına istinadla xəbər verir ki, bu, ABŞ-də bu cür pozuntulara görə indiyə qədər tətbiq edilən ən böyük cərimələrdən biridir.
ABŞ Ədliyyə Nazirliyi Co Bayden administrasiyası dövründə 2024-cü ildə “TikTok” və “ByteDance”a qarşı məhkəmə iddiası qaldırıb. ABŞ hakimiyyəti şirkətləri 2000-ci ildən bəri qüvvədə olan Uşaqların Onlayn Məxfiliyinin Qorunması Qanununu (COPPA) pozaraq, valideynlərinin razılığı olmadan 13 yaşdan kiçik milyonlarla istifadəçi haqqında külli miqdarda məlumat toplamaqda ittiham edib.
Baş prokurorun köməkçisi Brett Şumeyt bildirib ki, uşaqlar və valideynlər indi bu işin əvvəlində olduğundan daha yaxşı qorunurlar.
Müqavilənin şərtlərinə əsasən, “TikTok” və “ByteDance” dərhal Ədliyyə Nazirliyinə 300 milyon dollar ödəyəcəklər.
ABŞ hökuməti” TikTok”un Uşaqların Məxfilik Qanununu pozması ilə bağlı Federal Ticarət Komissiyası ilə 2019-cu ildə bağladığı razılaşmanı ləğv etdikdən sonra şirkətlər daha 100 milyon dollar ödəməli olacaqlar.
“TikTok”un sələfi “Musical.ly” daha sonra 5,7 milyon dollar cərimə ödəməli və 13 yaşdan kiçik uşaqların xidmətdən istifadə etməsi üçün valideynlərin razılığını almalıdır.
ABŞ Ədliyyə Nazirliyi yeni razılaşmanın bir hissəsi olaraq “TikTok”a qarşı heç bir əlavə tədbir elan etməyib. Bununla belə, nazirlik qeyd edib ki, məhkəmə iddiası qaldırıldıqdan bəri platformada xüsusilə mülkiyyət strukturu, məxfilik siyasəti və yetkinlik yaşına çatmayan istifadəçilər üçün monitorinq vasitələri baxımından mühüm dəyişikliklər baş verib.
Qeyd edək ki, keçən il “TikTok”un ABŞ əməliyyatları şirkətin 81%-nə sahib olan investorlar konsorsiumunun nəzarəti altına keçib. “ByteDance”ın payı isə 19%-dir.
Xatırladaq ki, ABŞ-də Uşaqların Məxfiliyinin Qorunması Qanununun pozulması ilə bağlı 2019-cu ildə “YouTube” 170 milyon dollar, 2022-ci ildə isə “Epic Games” 275 milyon dollar cərimələnib.
9 dəfə oxundu










