"Nigarın iflic olmasından sonra atam da dünyasını dəyişdi" - Ailəsi onları ittiham edir

"Nigarın iflic olmasından sonra atam da dünyasını dəyişdi" -
Xəbər verdiyimiz kimi, “MedAura” Klinikasında rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı Nigar Budaqlı dünyasını dəyişib.

Mərhumun bacısı İlhamə Budaqlı “Unikal”a açıqlamasında Nigarın ölüm səbəbi ilə bağlı iddialarını səsləndirib.

Onun sözlərinə görə, Nigarın son iki gündə vəziyyəti daha da ağırlaşıb:

“Nigarın qızdırması 41 dərəcədən aşağı düşmədi. Heç bir qida qəbul edə bilmirdi. Üstünə 4 dəfə təcili yardım çağırdıq. Nigarın əl və ayaqlarının açılması üçün istifadə olunan “Baklofen pompası” vaxtında qoyulmadığı üçün ağciyərləri havasızlıqdan fəaliyyətini dayandırdı.

“MedAura” Klinikasının baş həkimi Nigar xanım, klinika rəhbərliyi, eləcə də bacımın əməliyyatında səhlənkarlıq etdiyini düşündüyümüz Yaqub Əsədi və Cəmilə Əliyeva heç bir dəfə zəng etməyib, köməklik göstərməyiblər. Heç başsağlığı verən də olmayıb.

Bacımın ağciyərinə iki dəfə müdaxilə edilərək körpücük qoyulub. Halbuki bu, bir dəfə edilməli idi. Bunu edən də onların kənar klinikadan çağırdığı həkimdir. Həmin həkimlə bağlı da şikayətimiz var.

Qeyd edim ki, Nigarın iflic olmasından sonra atamın ürəyi buna dözmədi və iyulun 11-də dünyasını dəyişdi. Həkimlərin səhvi ucbatından hər şeyimizi satmışıq. Hazırda kirayələrdə qalırıq. Bacımın ölümünə səbəb olduğunu düşündüyümüz həkimlər tərəfindən isə heç bir zəng və diqqət göstərilməyib”.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi “MedAura” Klinikasında rinoplastika əməliyyatından sonra 34 yaşlı Nigar Budaqlının komaya düşməsi ilə bağlı cinayət işi üzrə hökm elan edib.

Hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hər iki həkim 2 il müddətinə tibbi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...