Sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?

Sahibkarlara dəymiş ziyanı kim ödəyəcək?
“Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində yenidən yanğın hadisəsi baş verib. Bu, son 8 ildə sözügedən ticarət mərkəzində onuncu belə hadisədir. Aydındır ki, bu dəfə də sahibkarlara xeyli ziyan dəyib. İnkişaf etmiş ölkələrdə belə yanğınlar baş verən zaman dəymiş ziyan sığorta şirkətləri tərəfindən ödənilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.

“Sahibkarlar öz əmlaklarını və məhsullarını sığortalayırlar ki, belə hallarda ziyanı sığorta şirkəti ilə paylaşa bilsinlər. Azərbaycanda da sahibkarlar əmlakın icbarı və eləcə də könüllü sığortasından istifadə edərək gözlənilməyən zərərləri öncədən kompensasiya edə bilərlər. Amma, müşahidələr göstərir ki, “Sədərək” Ticarət Mərkəzində texniki təhlükəsizlik vəziyyəti və əmlakın sığortalanması səviyyəsi tamamilə fərqlidir. Hətta bəzi əmlak sahibləri öz obyektlərini və mallarını sığortalamaq istəsələr belə, buna nail ola bilmirlər. Belə ki, sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, oradakı əksər mağazaları sığortalamaqdan imtina edirlər”, - deputat bildirib.

V. Bayramov qeyd edib ki, sığorta şirkətləri də öz risklərini öncədən planlaşdırmalıdırlar: “Bu şirkətlər heç bir halda yüksək risk olan əmlaklarda öhdəlik götürməkdə maraqlı olmayacaqlar. Belə əmlakların sığortalanması üçün Fövqəladə Hallar Nazirliyindən müvafiq rəy və sənədin alınmasına ehtiyac var. Belə sənədlər olmadıqda təbii ki, sığorta şirkətləri hər il yanğın olan ticarət mərkəzində əmlakları sığortalamaqda maraqlı olmayacaqlar”.

“Bütün bunlarla yanaşı, “Sədərək” ticarət mərkəzinə də sığorta münasibətlərinin gətirilməsinə ehtiyac var. Bu sahibkarlara dəyən və gələcəkdə dəyə biləcək zərərlərin öncədən sığortalanması üçün vacibdir. Amma bunun üçün həmin obyektlərdə texniki təhlükəsizlik qaydaları tam təmin edilməlidir. Əks halda sığorta şirkətləri bu riskli obyektlərlə işləməkdə maraqlı olmayacaqlar və yanğın nəticəsində sahibkarlara dəyən ziyan sığorta ilə qarşılanmayacaq.

Aydındır ki, sahibkarların aylıq ödənişləri də kiçik məbləğlər deyil. Deməli, yığılan vəsaitlərin bir hissəsinin texniki təhlükəsizliyin gücləndirilməsi üçün istifadəsinə ehtiyac var, yoxsa, yenə də sığorta şirkətləri belə mərkəzlərdən yan keçəcəklər”, - parlamentari vurğulayıb.a



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
36 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...