Bu şəxslərə 3 il hər ay müavinət ödəniləcək
Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov öz sosial media hesabında yazıb.
“Hazırda keçmiş məcburi köçkünlər üçün hansı güzəştlər nəzərdə tutulubsa, onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra 3 il müddətində həmin güzəştlərdən istifadə edə biləcək. Nazirlər Kabinetinin qaydalarına əsasən, məcburi köçkün statusu və müavinət almaq hüququ olan bir ailə üzvünə görə aylıq 60 manat məbləğində ödəniş həyata keçirilir. Eyni zamanda, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqları dövlət tərəfindən qarşılanır. Bundan başqa, bir sıra rüsumlar üzrə də güzəştlər mövcuddur”, - deputat qeyd edib.
V. Bayramov bildirib ki, yeni dəyişikliklərə əsasən, həmin güzəştlər və sosial dəstək mexanizmləri mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq:
“Eyni zamanda, məsələn, keçmiş məcburi köçkün ailəsinin övladı universitetə daxil olan zaman güzəşt hüququna malikdirsə, onun təhsil müddəti 3 ildən artıq olsa belə, bu hüquq bütün təhsil dövrünü əhatə edəcək. Yəni tələbə universitetə qəbul olarkən güzəşt hüququna sahibdirsə, həmin hüquq onun bütün təhsil müddəti ərzində qüvvədə qalacaq”.
9 dəfə oxundu











