Adil Əliyevə qarşı cinayət işi açılıbmı?

Bu sözləri "Yeni Sabah"a açıqlamasında "Konstitusiya Araşdırmalar Fondu"nun rəhbəri Əliməmməd Nuriyev deyib.
O vurğulayıb ki, Araz Musayevin mətbuata açıqladığı ittiham istintaqın başlanması üçün yetərli hüquqi əsas yaratmır:
“Bu ittiham istintaqın başlanması üçün yetərli hüquqi əsas yaratmır. Amma prokurorluq ilkin yoxlama materiallarının araşdırılması çərçivəsində məsələyə baxa bilər. Əgər yetərli sübutlar olarsa, bununla bağlı cinayət işinin başlanması mümüknüdür.
CPM-in 206-cı maddəsinə görə, məlumat hüquq-mühafizə orqanına təqdim edildikdən sonra cinayət başlanmasıyla bağlı araşdırma aparılır. Yoxlama nəticəsində ağlabatan şübhələr formalaşarsa (məsələn, əlavə şahid ifadələri), cinayət işi açılır. Amma görürük ki, indiki halda Araz Musayev sadəcə mediaya açıqlama verib. Bu məlumatlar prokurorluq orqanına təqdim olunub, yoxsa yox, - bilinmir”.
Əliməmməd Nuriyev qeyd edib ki, icra başçılarına münasibətdə toxunulmazlıq mexanizmləri yoxdur:
“Digər tərəfdən, başqa bir məsələ onunla bağlıdır ki, kifayət qədər ağır cinayətdən ittiham olunması ilə bağlı məlumatlar gedir. Araz Musayevin verdiyi məlumatlar özündə Adil Əliyevin ona qarşı ağır cinayətlər törətməsini ehtiva edir. Cinayət Məcəlləsinin 297-ci maddəsinə görə, bilə-bilə yalan ifadə vermə, yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıyır. Xüsusən, bu əməllər şəxsin ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı olduqda 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilər.
Başqa bir məsələ odur ki, 296-cı maddəyə görə, əgər şəxs bilə-bilə yalan xəbərçilik edirsə, 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər bu şəxs zərərçəkmiş kimi yalan ifadə verirsə, 297-ci maddə ilə 6 aya qədər azadlıqdan məhrum edilə bilər.
Yalan məlumatlara görə həmin şəxs məsuliyyətə cəlb edilə bilər. Nəzərə alsaq ki, bu məlumatlar KİV-də yayılır və bu ittihamların yalan olduğu sübut edilərsə, onda Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, cinayət məsuliyyəti yaradır. Yəni məsuliyyətin yaranması ittihamın yalan olduğu sübut edilməlidir. Belə olduqda, Adil Əliyev həm mülki qaydada, həm də xüsusi-ittiham qaydasında müraciət edə bilər.
O ki qaldı şəxsin toxunulmazlığı ilə bağlı məsələyə, məlumunuz olduğu kimi, Konstitusiyanın 90-cı maddəsinə əsasən, deputatların toxunulmazlığı var. Onlarla bağlı cinayət işininin başlanması üçün Milli Məclisin razılığı lazımdır. Amma icra başçılarına münasibətdə isə toxunulmazlıq mexanizmləri yoxdur və bu məsələlər ümumi formada həll olunur”.
Xatırladaq: Türkiyənin Antalya şəhərində bıçaqlanan Muay-Tay Federasiyasının sədri Araz Musayev özünə qarşı qəsd cəhdində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevi ittiham edib. Onun sözlərinə görə, bədəməllərə tapşırığı məhz Adil Əliyev verib.
Öz növbəsində, icra başçısı bildirib, Araz Musayevin səsləndirdiyi fikirlər əsassız, böhtan və şər xarakterlidir.
298 dəfə oxundu