İşsizlərin çoxu bu ixtisasları bitirənlərdir - Abiturientlərin nəzərinə

İşsizlərin çoxu bu ixtisasları bitirənlərdir -

"Dövlət Məşğulluq Agentliyinin son hesabatına görə, ali təhsilli işsizlərin böyük hissəsi hüquq, biznesin təşkili, beynəlxalq münasibətlər və jurnalistika kimi ixtisaslar üzrə təhsil almış şəxslərdir".

Bunu BAKU.WS-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, ixtisas seçimi zamanı abituriyentlər yalnız bal göstəricisinə deyil, eyni zamanda əmək bazarının real tələblərinə, universitetin tədris imkanlarına və ixtisasın gələcək perspektivinə diqqət yetirməlidirlər:

"Təəssüf ki, bir çox hallarda abituriyentlər sadəcə yüksək keçid balı olan və ya "prestijli" hesab edilən ixtisasları seçir, lakin bu, sonradan iş tapmaqda çətinliklərlə nəticələnir. Bu isə göstərir ki, ali təhsil sistemində təqdim olunan ixtisaslarla əmək bazarındakı real tələblər arasında uyğunsuzluq hələ də qalır. "Təhsil haqqında" Qanunun 4.0.4-cü maddəsinə əsasən, təhsil sisteminin əsas prinsiplərindən biri əmək bazarının tələblərinə uyğun kadr hazırlığını təmin etməkdir. Lakin bu prinsip hələ də reallıqda tam reallaşmayıb. Universitetlərdə proqramların əksəriyyəti nəzəriyyəyə əsaslanır, təcrübə komponentləri zəif təşkil olunur və işəgötürənlərlə real əməkdaşlıq sistemli xarakter daşımır. Əgər ixtisas seçimi zamanı abituriyentlər bu amilləri nəzərə almasalar, ali təhsildən sonra ixtisas üzrə iş tapmaqda çətinlik yaşaya bilərlər".

Ekspert bildirib ki, dünya təcrübəsində ixtisas seçimi yalnız bal və arzu ilə deyil, eyni zamanda fərdi bacarıq, əmək bazarı analizi və məzunların məşğulluq göstəricilərinə əsaslanır. Məsələn, Almaniyada ixtisas seçimi zamanı tələbəyə ixtisasla bağlı əmək perspektivləri, təcrübə proqramları və region üzrə tələbat məlumatı təqdim olunur.

"Skandinaviya ölkələrində tələbələrin ixtisas seçimindən öncə peşə yönümlü testlərdən keçməsi, karyera məsləhətləri alması zəruri mərhələ sayılır. Azərbaycanda da ixtisas seçimi mərhələsində belə bir sistemin tətbiqi abituriyentlərin daha əsaslı qərar verməsinə səbəb ola bilər. Əgər ali təhsil sistemi bu trendlərə uyğun islahatlarla cavab verməzsə, universitetlər yalnız diplom verən, lakin əmək bazarı ilə əlaqəsi zəif olan qurumlara çevriləcək.

Bu isə nə dövlətin təhsil strategiyasına, nə də gənclərin gələcək həyatına xidmət etmir. Universitetlər real əmək bazarına uyğun yeni proqramlar hazırlamalı, ixtisas seçimində daha şəffaf və informasiya təminatlı mexanizmlər tətbiq etməli, qəbul prosesini əmək bazarının dinamikasına uyğun çevik modelə keçirməlidir. Əgər bu dəyişikliklər həyata keçirilərsə, ixtisas seçimi daha məqsədyönlü olacaq və tələbə həm qəbul zamanı, həm də təhsil sonrası mərhələdə daha uğurlu mövqe tuta biləcək, - deyə, K. Əsədov vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
135 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...