Dövlət poliklinikasında baş həkim özbaşınalığı : İşçilərə təzyiq, saxta aktlar

Tribunainfo.az xəbər verir ki, poliklinikanın tibb qeydiyyatçısı və kargüzarı vəzifəsində çalışan Novruzova Aynur Çingiz qızı bu barədə redaksiyamıza şikayətlə müraciət edib.
Aynur Novruzovanın sözlərinə görə, yeni təyin olunmuş baş həkim Nərmin Qasımova tərəfindən uzun müddətdir davam edən şəxsi münasibətə əsaslanan təzyiqlərə və ayrı-seçkiliyə məruz qalıb. Onun iddiasına görə, baş həkim açıq şəkildə “səninlə işləmək istəmirəm” deyərək onu işdən uzaqlaşdırmaq məqsədilə təhdidlərə əl atıb.
“İşimdən səbəbsiz şəkildə uzaqlaşdırılmaq istənildim. 12 iyun 2025-ci ildə bu psixoloji təzyiqlərin nəticəsində təcili tibbi yardıma ehtiyac duydum,” — deyə Novruzova bildirib.
Şikayətçi həmçinin qeyd edib ki, baş həkim daxili intriqalarda onu istifadə etməyə çalışıb və saxtakarlıq aktlarına imza atmaq üçün də təzyiq göstərib. Etiraz etdikdə isə otağına çağıraraq üzərinə qışqırıb və işdən çıxarmaqla hədələyib.
Bənzər təzyiqlərin digər əməkdaşlara, xüsusilə də kadrlar şöbəsinin hamilə mütəxəssisi Arzu Məmmədovaya da göstərildiyi bildirilib. Aynur Novruzovanın dediyinə görə, baş həkim öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əməkdaşlara qarşı sistematik şəkildə təhdid və psixoloji təzyiqlər tətbiq edib.
Ən ciddi iddialardan biri isə saxta sənədlərin hazırlanması ilə bağlıdır. Novruzova bildirir ki, baş həkim müavini Samirə Rəhimovanın əleyhinə saxta aktlar hazırlanıb və onlardan imza tələb olunub. Hətta müavinin xəbəri olmadan onun adının müxtəlif sahələr üzrə məsul şəxs kimi rəsmiləşdirildiyi və bu məlumatın ondan gizlədildiyi deyilib.
“Poliklinikanın baş həkimi tez-tez “bura mənimdir, necə istəyirəm elə də idarə edirəm”, – deyərək əməkdaşlara psixoloji təzyiq göstərir. Hətta arxasında “müəyyən adamların” dayandığını bildirərək qorxu yaratmağa çalışır”.
Aynur Novruzova sonda bildirib ki, ona təzyiq göstərilərək əvvəlki kargüzar vəzifəsindən uzaqlaşdırılıb və yalnız qeydiyyatçı kimi fəaliyyətini davam etdirməsi tələb olunub.
Hətta Nərmin Qasımova özü ilə daha öncə (cəmisi bir neçə ay işlədiyi) 46 saylı poliklinikadan gətirdiyi tibb qeydiyyatçısı və tibb bacısı vasitəsilə işimə müdaxilə olunur, mənfi atmosfer yaradılır və mənə qarşı iş yerində peşəkar təcrid siyasəti aparılır. Açıq şəkildə bildirir ki, hamı gələndə öz adamlarını ətrafına yığır.
İddia olunan bu hallar Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun və digər hüquqi aktların tələblərinə ziddir. Müraciət edən əməkdaş media və aidiyyəti qurumlardan obyektiv araşdırma aparılmasını və məsul şəxslər barəsində tədbir görülməsini xahiş edir.
Tribunainfo.az
32 dəfə oxundu