Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? – İLGİNC DETALLAR

Məhkəmə 3 milyon 500 min borcu olan şirkət rəhbərinə necə şərti cəza verib? –
“Çarbağ” MMC-nin direktoru külli miqdarda vergidən yayınıb.

Şirkət rəhbəri bir layihə üzrə yaranmış 2 milyona yaxın olan borcun əsas hissəsini ödəyib. Vergiyə 260 min borcu qalsa da, məhkəmə ona şərti cəza verib.

Rəsmi mənblələr isə şirkət rəhbərinin vergi borcunun 3.5 milyon manat olduğunu göstərir.

MMC xüsusilə külli miqdar təşkil edən 1 milyon 822 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Mətbuatda “Çarbağ” MMC-dən çoxsaylı şikayətlər yer alır.

Şirkətin inşa etdiyi binalarda yaranmış problemlərlə bağlı şikayətlər yerli mətbuatda dərc edilib.

Şirkətin rəhbəri kimi Anar Həsənovun adı keçir.

Şirkətin sonradan adını dəyişərək “Marbel Construction” MMC olması barədə də məlumatlar var. “Marbel Construction” MMC-nin də hazırda 46 min manat vergi borcu var.

“Marbel Construction”ın təsisçisi Rövşən İbrahimovdur.

“Çarbağ” MMC yaşayış və qeyri-yaşayış binalarının tikintisi ilə məşğul olmaqla yanaşı, müxtəlif rayonlarda məktəblərin tikintisi, dövlət idarələrinin tikintisi ilə də məşğul olub.

Qeyd edilən 1 milyon 822 min manatlıq vergi borcu “Çarbağ” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Tələt Şıxəliyev, Ələşrəf Əlizadə küçələrinin kəsişməsində yerləşən 3 bloklu yaşayış kompleksinin tikintisi zamanı yaranıb.

Şirkət rəhbəri borcun əsas hissəsini ödəyib. Hazırda şirkətin vergiyə 260 min manat borcu var. Bu məlumatlar Anar Həsənov barəsində Nərimanov Rayon Məhkəməsində araşdırılan cinayət işi materiallarında yer alır.

Anar Həsənov ifadəsində bildirib ki, MMC 2004-cü ildən fəaliyyətə başlayıb. MMC-də Anar Həsənovun qardaşı və tanışı İbrahim Hüseynov təsisçi olsa da, faktiki rəhbərliyi o edib.

Anar Həsənov deyib ki, bina tikintisi zamanı pilot layihə əsasında sakinlərə nəzərdə tutulandan böyük kvadratlı evlər verilsə də, artıq olan hissələrə vergi orqanı tərəfindən güzəşt edilməyib və artıq vergilər hesablanıb:

“Buna baxmayaraq, direktoru və rəhbəri olduğum MMC-yə hesablanmış vergilərdən 1 milyon 218 min manat məbləğində olan hissəsi dövlət büdcəsinə ödənilib. MMC-nin bütün bank hesablarına vergi orqanı tərəfindən sərəncamlar qoyulub. Buna görə MMC hər hansı tikinti layihələrində iştirak edə bilmədiyi üçün qalan vergiləri ödəyə bilməmişəm. Buna baxmayaraq, bəzi bir neçə bank və bank olmayan kredit təşkilatları ilə müəyyən danışıqlar aparıram ki, kredit ayrılsın və həmin kredit hesabına qalan digər vergilər də tam olaraq dövlət büdcəsinə ödənilsin. Sonra yenidən ödənişlər edilib. Hazırda 260 min manat vergi borcu qalıb”.

Anar Həsənov çıxışının sonunda əməlindən peşman olduğunu bildirib.

Nərimanov Rayon Məhkəməsi “Çardağ” MMC-nin faktiki rəhbərini – Anar Həsənovu Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib.

Hökmə əsasən, şirkət rəhbəri 5 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsinə əsasən, cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.

Diqqət çəkən məqam budur ki, “Çarbağ” MMC ilə bağlı rəsmi məlumatlar tam fərqlidir. Belə ki, Həsənov Anar Oqtay oğlunun təsisçisi olduğu “Çarbağ” MMC-nin vergiyə olan borcu 3 milyon 520 min manatdır. Bu borcun MMC-nin digər layihələrindən yaranması da istisna edilmir.

Məlumata görə, Anar Həsənovun yaranmış vergi borcuna görə ölkədən çıxışına da qadağa qoyulub.

Musavat.com



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
47 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...