Kreml regionlara qarşı yeni “müharibəyə” başlayır – Əmlak yenidən bölüşdürülür

Kreml regionlara qarşı yeni “müharibəyə” başlayır –
Rusiyada regional elitalar üçün yeni dövr başlayır – sərt mərkəzləşmə və cəzasızlıq dövrü artıq geridə qalır. Kreml indi təkcə siyasi deyil, həm də iqtisadi muxtariyyəti ləğv etməyə qərarlıdır.

Politoloq Yuliya Medvedeva “Haqqin.az” saytında dərc olunan təhlilində yazır ki, Moskva regionlarda strateji biznes sahələrini açıq şəkildə nəzarətinə keçirir və bu addımın arxasında aydın siyasi mesaj dayanır: “Ya tabe olun, ya da hər şeyi itirin!”

Medvedevanın fikrincə, Çelyabinskdə yerləşən “Makfa” makaron zavodu, “Ariant” aqroholdinqi və Elektrometallurgiya Kombinatı artıq “Rostex” və “Rosselxozbank” kimi dövlət korporasiyalarına verilib. Bu qurumlara rəhbərlik isə birbaşa Vladimir Putinə yaxın şəxslərin əlinə keçib. Burada söhbət sadəcə dövlətləşdirmədən deyil, regionlardakı iqtisadi hakimiyyətin mərkəzə ötürülməsindən gedir.

Bu, Moskva ilə regionlar arasında illərlə mövcud olmuş “qeyri-rəsmi razılaşmaların” ləğvi deməkdir. Artıq heç bir “sözəbaxan qubernator” Kremlin qəfil qərarlarından sığortalanmayıb.

Sverdlovsk vilayətində baş verənlər xüsusi diqqətə layiqdir. Keçmiş qubernator Yevgeni Kuyvaşevin vəzifədən uzaqlaşdırılmasından sonra bölgədəki ən gəlirli biznes sahələri Moskva mənşəli strukturlar arasında bölüşdürülməyə başlanıb. Yerli iqtisadi təsir imkanları bir-bir mərkəzə yönləndirilir.

“Kreml regionların azacıq belə müstəqil görünməsinə dözmək istəmir. Ən kiçik müstəqil qərar cəhdinə belə sərt cavab verilir – iqtisadi resursların əldən alınması ilə”, – deyə Medvedeva vurğulayır.

Qeyd olunur ki, yalnız Tatarıstan və Çeçenistan bu kampaniyadan kənarda saxlanılıb. Bu iki region Kremlin “xüsusi statuslu tərəfdaşları” kimi qeyri-rəsmi muxtariyyətlərini qoruyur. Qalan bütün vilayətlərdə isə “bir komanda, bir mərkəz, bir sahib” prinsipi tətbiq olunur.

Medvedevaya görə, Kreml bölgələrə açıq şəkildə mesaj verir: “Əgər göstərişlərimizə əməl etmirsinizsə – gedin. Aktivlərinizi dövlətə verin və çıxın. Biz sizi dəyişməyə hazırıq, əvəzolunmaz deyilsiniz.”

Bu yanaşma sosial-iqtisadi baxımdan regionlara ciddi zərbə vurur. Amma Rusiya rəhbərliyi üçün siyasi loyallıq hər şeydən üstündür. Sosial narazılıq, iqtisadi geriləmə, yerli işsizliyin artması artıq diqqət mərkəzində deyil.

Məqalənin ümumi ruhu belədir: “Rusiyada yeni oyun qaydaları tətbiq olunur. Regionlar artıq siyasi və iqtisadi subyekt deyil, mərkəzin idarə etdiyi obyektlərə çevrilib.”

Artıq hər bir regional rəhbər və iş adamı anlayır ki, Kremllə qarşıdurma deyil, hətta düşüncə fərqi belə, iqtisadi nəticələr doğura bilər. Müəssisənin itirilməsi, biznesin əlindən alınması və siyasi kənarlaşdırma – bunlar istisna yox, norma halını alıb.

Medvedevanın təhlili göstərir ki, müharibə və sanksiyalarla mübarizə aparan Rusiya eyni zamanda öz daxilində də “resurs müharibəsi” aparır. Moskvanın strategiyası sadədir: qorxu, itaət və tam mərkəzləşmə. Bu siyasətin sonunun necə olacağını zaman göstərəcək. Amma bir şey aydındır: indiki Rusiya artıq klassik federasiya deyil. Bu, avtoritar mərkəzçiliyin yeni mərhələsidir./azpolitika.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...