Hacıqabulda qanunsuz təyinat: Xuraman Məmmədova imtahansız direktor müavini oldu!

Hacıqabul rayonunda növbəti qalmaqallı təyinat gündəmdədir. Məlumata görə, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Xuraman Məmmədova, vəzifəsindən azad olunduqdan qısa müddət sonra, sentyabr–oktyabr aylarında Hacıqabul 5 nömrəli məktəbə direktor müavini təyin edilib.
Ən diqqətçəkən məqam odur ki, Təhsil Nazirliyi tərəfindən bu dövrdə heç bir imtahan və ya MiQ müsabiqəsi keçirilməyib. Belə olan halda Xuraman Məmmədovanın hansı əsasla bu posta gətirilməsi, kimlərin dəstəyi ilə bu təyinatın həyata keçirildiyi ciddi suallar doğurur.
Əldə etdiyimiz məlumata əsasən, Xuraman Məmmədovanın icradakı vəzifəsini itirməsinin əsas səbəbi onun oğlunun törətdiyi əməl olub. Həmin əməl barədə redaksiyamıza daxil olan faktlar və detallar əsasında yaxın günlərdə ayrıca geniş araşdırma yazısı dərc olunacaq.
Lakin maraqlıdır ki, bu qalmaqaldan dərhal sonra Xuraman Məmmədova sanki “toxunulmaz” şəxs kimi yeni vəzifəyə gətirilir. Bu isə Təhsil Nazirliyinin kadr siyasətinə və şəffaflıq prinsiplərinə açıq-aşkar zərbə deməkdir.
Daha da təəccüblüsü, bu qanunsuz təyinatla bağlı Hacıqabul Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərovun tam susqunluq nümayiş etdirməsidir. Görəsən, Ələkbərov bu prosesdən xəbərsizdir, yoxsa bu təyinat onun razılığı və himayəsi ilə baş verib?
Hacıqabulda artıq vəzifələr imtahanla yox, şəxsi münasibətlər və köhnə əlaqələr əsasında bölüşdürülür. Bu isə bölgədə təhsilin nüfuzuna ciddi zərbə vurur.
Təhsil Nazirliyi və Antikorrupsiya qurumları bu məsələyə təcili şəkildə müdaxilə etməli, qanunsuz təyinatların qarşısını almalıdır. Əks halda, Hacıqabulda nə ədalətdən, nə də təhsil sistemində dürüstlükdən danışmaq mümkün olacaq.
Mənbə: Şirvan Tvinfo
27 dəfə oxundu