Elm və Təhsil Nazirliyində müsahibə qalmaqalı: Rəsmi məsləhətçi “qanun pozuntusu” iddiası ilə çıxış etdi
Bakunews.az-a daxil olan məlumata görə, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin Media ilə iş sektoru üzrə aparıcı məsləhətçisi vəzifəsi üzrə elan olunan vakansiyanın müsahibə mərhələsində iştirak edən namizədi Roza Rasim qızı Qarayeva, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən dövlət qulluğu müsahibəsinin qeyri-şəffaf və qanunazidd keçirildiyini bildirərək, Dövlət Qulluğunu İdarəetmə Şurasına rəsmi müraciət ünvanlayıb.Roza Qarayeva müraciətində qeyd edir ki, müsahibə prosesi zamanı Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiqlənmiş *“Dövlət qulluğu vəzifəsinin tutulması məqsədilə müsahibə keçirilməsi Qaydası”*nın bir sıra maddələri pozulub.
Maraqlar toqquşması və qohumluq əlaqələri
Qarayevanın iddiasına görə, müsahibə komissiyasının tərkibində yaxın qohumluq və şəxsi əlaqələr mövcud olub. O, bildirir ki, müsahibə zamanı komissiya üzvü kimi iştirak edən Billurə Hacızadə – nazirliyin həmin şöbəsində sektor müdiri, namizəd kimi iştirak edən isə Fərizə Əhmədova olub.
“Bu hal dövlət qulluğunda maraqlar toqquşmasına dair qanunvericiliyin tələblərinə ziddir. Qaydalar açıq şəkildə bildirir ki, belə hallarda həmin şəxslər müsahibəyə qatılmamalıdır. Lakin komissiya buna baxmayaraq fəaliyyətini davam etdirib”, – Qarayeva müraciətində yazır.
Şəffaflıq prinsiplərinin pozulması
Şikayətçi qeyd edir ki, müsahibə prosesi obyektivlik və şəffaflıq prinsiplərindən uzaq şəkildə aparılıb və nəticədə dövlət qulluğuna qəbulun ədalətli həyata keçirilməsinə ciddi zərbə vurulub:
“Komissiya üzvlərinin şəxsi maraqları və əlaqələri dövlət idarəçiliyində ədalətə təhlükə yaradır. Bu, dövlət sisteminə inamı sarsıdır və qanun aliliyinə qarşı təhdid deməkdir.”
Apellyasiya mərhələsi də cavabsız qalıb
Roza Qarayeva bildirir ki, məsələ ilə bağlı Dövlət Qulluğunu İdarəetmə Şurasına etdiyi apellyasiya müraciəti də cavabsız qalıb. Onun sözlərinə görə, bu da hüquqlarının pozulması və ictimai etimadın zəifləməsi ilə nəticələnib:
“Apellyasiya prosesində şəffaflıq təmin edilməyib. Müraciətimə heç bir cavab verilməməsi dövlət qulluğuna inamı zədələyir.”
Nazirlik və DİM-dən açıqlama gözlənilir
Bakunews.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinə sorğu göndərib. Müraciətdə qeyd edilən iddialarla bağlı cavab alındıqdan sonra oxuculara əlavə məlumat təqdim ediləcək.
2 dəfə oxundu










