Eldar Əzizov bir xəbərdarlıq da Mais Məmmədova elan etsəydi…
Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, bu gün dövlət qulluqçularının əksəriyyəti öz vəzifələrini vicdanla yerinə yetirir. Lakin etik pozuntular və vəzifə səlahiyyətlərindən sui-istifadə halları tamamilə qəbuledilməzdir. O, vurğulayıb ki, bu cür davranış dövlət qulluğu prinsiplərinə ziddir və dərhal və obyektiv şəkildə qiymətləndirilməlidir.
“Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya uğradığı və qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşdüyü hallari ilə qarşılaşırıq. Qoy hamı xatırlasın ki, Azərbaycan Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onların işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir”, – deyə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı bildirib.
Qeyd edək ki, məlum müşavirədən iki gün sonra, noyabrın 1-də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Qaradağ rayon İcra Hakimiyyətində yoxlamaların aparılması nəticəsində rayon icra başçısının müavini Nadir Yədulla oğlu Muradovun həbs edilməsi ilə bağlı məlumatlar yayıldı.
Sonradan medianın yaydığı məlumatlarda isə qeyd edilir ki, hələ 2023-cü ilin noyabr ayında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakıətrafı qəsəbələrdə təmizliklə və bir sıra problemlərlə bağlı müşavirə keçirib. Eldar Əzizov həmin müşavirədə bir sıra qəsəbələrin nümayəndələrinə, eləcə də RİH-nin rəhbərlərinə ciddi iradlar tutub və mövcud nöqsanların aradan qaldırılması ilə bağlı əməli tədbirlər planının hazırlanması tapşırılıb. Müzakirələrin nəticəsi olaraq Qaradağ RİH başçısının müavini Nadir Muradov və Binəqədi RİH başçısının müavini Hacıbala Babayevə xəbərdarlıq elan edilib.
Qeyd edək ki, hazırda Bakı şəhərində ən çox narazılıqların baş verdiyi rayonlardan biri, bəlkə də birincisi Suraxanı rayonudur. Hazırda Suraxanı rayonunun ərazilərində, istər Suraxanı qəsəbəsi, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış massivi, istərsə də Hövsan qəsəbəsində daş qoymağa yer yoxdu. Sadaladığımız ərazilərdə qanunsuz tikililər baş alıb gedir. Bununla bağlı sosial şəbəkələrdə və elektron mediada saysız hesabsız məlumatlar var. Bəzən bu kimi hallar mərkəzdən kənarda, bəzi hallarda isə Suraxanı rayonunun ərazilərinə cavabdeh, məsul şəxslərin gözü qarşısında baş verir. Məsələn, elə Suraxan rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovun.
Qeyd edək ki, hazırda Suraxan rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin inzibatı binasının yerləşlidiyi küçədə, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi bərbad vəziyyətdədir. Sözügedən küçədə, 43 saylı poliklinikanın sağ-solu keçilməz haldadır. Buna səbəb ərazidə aylardır aparılan tikinti işləridir. Yəni, bütün bunlar rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovun gözləri qarşısında baş verir. Ərazidə tikinti işləri aparan şirkətlə (Bu şirkətin yol verdiyi bir çox qanuna zidd əməllər başqa bir yazının mövzusudur və yaxın günlərdə ictimaiyyətə çatdıracıq.) qəsəbə sakinləri arasında yaranan mübahisəli hallardan, narazılıqlardan Mais Məmmədov xəbərdardır. Amma nədənsə Mais Məmmədov sakinlərin haqlı narazılıqlarını gözardı edir, bir tikinti şirkətinin bərbad hala saldığı yolla hər gün işə gedib-gəlir.(Fotolarda əks olunan küçə ilə)
Məlum olduğu kimi ötən il Suraxanı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub. Prezident İlham Əliyevin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə keçmiş deputat Adil Əliyev Suraxanıda İcra başçı vəzifəsinə təyin edilib. Mais Məmmədov isə artıq 30 ilə yaxındır ki, sözügedən vəzifənin başındadır. O, hələ Hacıbala Abutalıbovun 1995-2000-ci illərdə Suraxanı rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dönəmlərdən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsində çalışır. Mais Məmmədov 2005-2019-cu illərdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olmuş İlqar Abbasovla da yüksək səviyyədə işbirliyi həyata keçiriblər. 12 noyabr 2019-cu il tarixdən 8 iyul 2024-cü il tarixə qədər Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olmuş Əziz Əzizovla da işləyib. Son bir ildir bu siyasəti Adil Əliyevlə uğurla davam etdirir.
Artıq 30 ilə yaxın bir müddət ərzində Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən Mais Məmmədovun fəaliyyəti də göz qabağındadır. Onun tutduğu vəzifə hesabına əldə etdikləri imkanlar barədə dövrü mətbuatda çox yazılıb. Yayılan informasiyalara görə, rayonun ayrı-ayrı qəsəbə və ərazilərində biznes obyektləri tikdirib.Bir restoranı da elə rəhbəri olduğu qurumun yaxınlığındakı parkın içində yerləşir. Mais Məmmədovun bunları hansı yollarla əldə etdiyinə gəlincə. Təbii ki, rayon ərazisində təmir-tikinti, abadlıq və digər işlərin görülməsi üçün büdcədən ayrılmış dövlət vəsaitlərinin silinməsi hesabına.
Məsələn elə 20.12.2024-cü ildə abadlıq işləri üzrə avadanlıqların alınması üzrə keçirdiyi açıq tenderdə İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 222.562,36 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Hansı ki, “İnpeks.N” MMC həm riskli vergi ödəyicisidir, həm də külli miqdarda verği borcu var və qanunla satınalmalarda iştirakına yol verilməməlidir. Amma Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi satınalmanın təşkili zamanı “İnpeks.N” MMC-nin tenderdə iştirakına yol verib. Çünki şirkət rəhbərliyi ilə Mais Məmmədovun uzun müddətli işbirliyi olub və 25.05.2017-ci ildən 30.12.2019 -cu ilə qədər ehtiyat hissələrinin alınmasından tutmuş, təsərrüfat mallarının, abadlıq işləri üzrə avadanlıqların satın alınması, asfalt örtüyü işlərinin görülməsi, mənzil fondunun təmir işləri, xüsusi geyimlər alınması, ödənişli ictimai işlərə cəlb edilmiş işçilərin mal-material və xususi geyimlərlə təmin edilməsinin satınalınmasına qədər ümumi dəyəri 3 656 601 manat olan 22 satınalma müqavilələri bağlayıblar. Bu vəsaitlərin çoxu isə Mais Məmmədovun şəxsi biznesinə yatırılıb.
Yuxarıda qeyd etdiyimiz kimi, artıq 30 ildir bir vəzifənin başında oturan Mais Məmmədovun fəaliyyəti göz qabağındadır. Sizə təqdim etdiyimiz fotolarda da hər şey göz qabağındadı. Bütün bunları Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da görür. Bütün bu göz qabağında olan əməllərinə görə Eldar Əzizov bir xəbərdarlıq da Mais Məmmədova elan etsədi, nə olardı?
Aktualinfo.net
1 dəfə oxundu











