Masallıda bələdiyyə sədrini "fırıldaqçı" adlandırıb kənddən qovdular - YENİ VİDEO

Masallıda bələdiyyə sədrini "fırıldaqçı" adlandırıb kənddən qovdular -Masallı rayonunun Xanalion kəndində Kolatan Bələdiyyəsinin sədri Rauf Cəbiyev ilə kənd sakinləri arasında gərginlik yaşanıb.

Sakinlərin sözlərinə görə, bələdiyyə sədri kəndin problemlərinə biganə yanaşır: yollar bərbad vəziyyətdədir, kanalizasiya və məişət tullantılarının idarə olunması sistemi yoxdur. Buna baxmayaraq, Rauf Cəbiyev zibillik üçün xüsusi yer ayrılmadığı halda, sakinlərə yola zibil atdıqları üçün 300 manat cərimə tətbiq edir.

Kənd sakinləri həmçinin iddia edirlər ki, bələdiyyə sədri kəndin adının dəyişdirilməsi təşəbbüsünü onların xəbəri və razılığı olmadan irəli sürüb.

Dünən sakinlər yollarının acınacaqlı vəziyyəti ilə bağlı sosial şəbəkələrdə videolar paylaşaraq narazılıqlarını ifadə ediblər. Geniş rezonans doğuran bu paylaşımlardan sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov məsələni nəzarətə götürüb və bu gündən etibarən Xanalion kənd yolunun təmirinə başlanılıb.

Lakin təmir işləri aparılan əraziyə gələn bələdiyyə sədri Rauf Cəbiyev kəndlilərin sərt reaksiyası ilə üzləşib. Sakinlər ona “Fırıldaqçı, bəs indiyə qədər harada idin? Kənd dağılırdı, indi təmir başlayanda ortaya çıxırsan?” — deyə etiraz ediblər və bələdiyyə sədrini kənd ərazisindən uzaqlaşdırıblar.

Kəndlilər bildiriblər ki, onların məqsədi qarşıdurma yaratmaq deyil. Onlar Prezident və rayon icra başçısına müraciət edərək Rauf Cəbiyevin Kolatan Bələdiyyəsinə rəhbərlik etməsini istəmədiklərini açıqlayıblar.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...