Saxta ödənişlərlə 100 min manatın mənimsənildiyi iddia olunur - Arif Əsgərovun çevrəsində qalmaqal
Vətəndaş Əkbərov Elşən İman oğlu bildirir ki, 2021-ci ilin fevral ayında yolların abadlaşdırılması, xüsusilə də “Azərbaycan Dəmir Yolları”na məxsus yol təmiri işləri ilə məşğul olan AEŞ QSC-nin sifarişi əsasında Türkiyədən 2005-ci il istehsalı olan “Hyundai” markalı ekskavator gətirərək Səngəçal qəsəbəsində, şirkətə məxsus texnikaların saxlanıldığı ərazidə Kamran adlı şəxsə təhvil verib.Şikayətçinin sözlərinə görə, Kamran şirkət rəhbəri Rızvan Rzayevin bacısı oğludur. Rızvan Rzayev isə vaxtilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olmuş Arif Əsgərovun bacanağıdır.
Texnika təhvil verildikdən sonra ona bildirilib ki, guya ekskavatorda nasazlıqlar mövcuddur. Bunun üzərinə Elşən Əkbərov öz şəxsi vəsaiti hesabına texnikanı təmir etdirərək yenidən şirkətə təhvil verib. Daha sonra şirkətin kağız üzərində direktoru kimi təqdim olunan Fərahim Məmmədov tərəfindən saxta ödəniş tapşırığı təqdim edilib və guya vəsaitin Elşən Əkbərovun hesabına köçürüldüyü bildirilib.
Lakin şikayətçi rəsmi sübutlarla təsdiq etdiyini deyir ki, onun hesabına heç bir ödəniş həyata keçirilməyib. Nəticədə artıq 4 ildir ki, təxminən 100 min manata yaxın vəsaitinin müxtəlif şəxslərin əlbirliyi ilə mənimsənildiyini iddia edir.
Elşən Əkbərov qeyd edir ki, şirkət rəhbərliyi ilə aralarında qohumluq əlaqələri olduğu üçün onlara etibar edib və baş etibarnamə verib. Bundan istifadə edən qarşı tərəf texnikanı etibarnamə əsasında götürüb. Hazırda isə artıq 4 ildir pulunu ala bilmir.
Şikayətçinin sözlərinə görə, şirkətin faktiki sahibi Rızvan Rzayevdir, lakin sənədlər Fərahim Məmmədovun adına rəsmiləşdirilib. Texnikanı təhvil verdiyi Kamran isə Fərahim Məmmədovun qardaşıdır. Hər iki şəxsin Rızvan Rzayevin bacısı oğlanları olduğu bildirilir.
Elşən Əkbərov iddia edir ki, 4 ildir zənglərinə cavab verilmir, ofislərə getdikdə isə rəhbərliklə görüşməsinə şərait yaradılmır. Nəticədə böyük məbləğdə maddi ziyana məruz qaldığını, demək olar ki, hər şeyini itirdiyini bildirir.
Şikayətçi çıxılmaz vəziyyətdə olduğunu qeyd edərək ölkə başçısından və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istədiyini bildirib.
Məsələ ilə bağlı adı çəkilən Fərahim Məmmədovla əlaqə saxladıq. O, səsləndirilən ittihamları təkzib edərək yalan olduğunu bildirib. Fərahim Məmmədovun sözlərinə görə, həmin şəxsin hüquqşünası ilə də görüşülüb və məsələ izah edilib. O, həmçinin qeyd edib ki, hazırda sözügedən şirkət fəaliyyətini dayandırıb.
Azerbaycanreallığı.az
2 dəfə oxundu













