Rəcəb Babaşovun daim işbirliyində olduğu “AZƏRTRANSS” MMC-nin arxasında kim durur? -TƏFSİLAT

Qazax rayon İcra Hakimiyyəti tərəfindən Qazax şəhəri Heydər Əliyev parkında, Əliağa Şıxlinski küçəsində və N.Nərimanov yaşayış massivində abadlıq işləri üzrə 14.10.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “AZƏRTRANSS” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 848.380,34 manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 17.12.2025-ci ildə dərc edilib.
Qeyd edək ki, 17.12.2025-ci ildə Qazax rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi də “AZƏRTRANSS” MMC ilə Qazax şəhərində aparılacaq “Abadlıq” işləri üzrə 246.157,18 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi Qazax rayon İcra Hakimiyyəti və ona tabeli nümayəndəlik “AZƏRTRANSS” MMC ilə bir gün ərzində dəyəri bir milyon manatdan yuxarı olan iki satınalma müqaviləsi bağlayıb.
Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Qazax rayon İcra Hakimiyyəti 11.08.2025-ci ildə Qazax şəhərində yolların əsaslı təmiri işləri üzrə “AZƏRTRANSS” MMC ilə 674.949,05 manat məbləğində satınalma müqaviləsi bağlayıb.
Göründüyü kimi Qazax rayon İcra Hakimiyyəti Qazax şəhərində yolların əsaslı təmiri və abadlıq işləri üzrə son üç ay ərzində “AZƏRTRANSS” MMC ilə ümumi dəyəri 1 769 486 manat olan üç satınalma müqaviləsi bağlayıb.
Təmir işlərinin satın alınması üzrə bir müqavilədə 28.12.2024-cü ildə bağlanılıb. Bu müqavilənin dəyəri 511.913,77 manat təşkil edib.
Amma apardığımız araşdırma zamanı məlum oldu ki, “Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat yoxdu.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZƏRTRANSS” (VÖEN: 4200338081) Məhdud Məsuliyyətli Cəmiyyətinin 14 saylı Ərazi Vergilər İdarəsində 17.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı QAZAX RAYONU, QAZAX ŞƏHƏRİ, HEYDƏR ƏLİYEV, ev.58/5, qanuni təmsilçisinin isə Qasımov Adil Məmməd oğlu olduğu qeyd edilib.
Qeyd edək ki, “AZƏRTRANSS” MMC respublikamızın qərb bölgəsində xüsusilə tanınır. Şirkətin NK-nin 30.12.2023-cü il tarixli, 494 saylı Qərarına əsasən peşəkarlıq və təcrübəyə aid sənədləri olsa da əmək müqaviləsi ilə çalışan işçi qüvvəsi meyarı üzrə tələblərə cavab vermir. Çünki, şirkət daha çox yerlərədə günəmuzd fəhlələrdən, icarəyə götürülən texnikalardan istifadə edir ki, bu da ayrılan vəsaitin böyük hissəsinin mənimsənilməsinə yol açır.
Əldə etdiyimiz məlumatlara görə şirkətin qanuni təmsilçisi Adil Qasımov “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin Sədri Məmməd Musayevin yaxın dostudur. Elə Məmməd Musayevin rəhbərlik etdiyi təşkilatın Ucar, Şəki, fililalarının təmirini də məhz “AZƏRTRANSS” MMC aparıb.
Bundan əlavə “AZƏRTRANSS” MMC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” və bir neçə rayon Su Meliorasiya Sistemlərinin İstismarı idarələri ilə iri məbləğli müqavilələr bağlamışdır. Təbii ki, bu da Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin sayəsində.
Qeyd edək ki, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. O, Prezidentin 19 may 2016-cı il tarixli Sərəncamı ilə təyin edilib. Məlumatlara görə elə Rəcəb Babaşovun da himayədarı Məmməd Musayevdi. Yoxsa, barəsində hər cür neqatib məlumatlar yayılmasına baxmayaraq 10 ilə yaxın müddətdə Qazax kimi rayonun İcra Hakimiyyətinin başçısı vəzifəsində otura bilməzdi.
Xatırladaq ki, Rəcəb Babaşov oğlu Elşən Babaşzadənin avtomoobil kolleksiyası ilə tez-tez medianın gündəminə gəlir. Belə ki, Qazax rayon İcra başçısı Rəcəb Babaşov Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan “Mercedes Benz G-63 AMG” markalı avtomobili, həm də özünün 99 FF 099 dövlət nömrə nişanlı 250 min manatlıq “Rang Rover”i ilə medianın gündəminə düşmüşdü.(aktualinfo.net)
0 dəfə oxundu













