Körpələr evi və uşaq bağçalarında qida təminatı: rəsmi qaydalar, real mənzərə və suallar

Körpələr evi və uşaq bağçalarında qida təminatı: Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan körpələr evi və uşaq bağçalarında uşaqların qida təminatı daim diqqət mərkəzində olan, eyni zamanda ciddi ictimai əhəmiyyət daşıyan məsələlərdəndir. Xüsusilə söhbət azyaşlı uşaqların sağlamlığından gedirsə, bu sahədə hər hansı səhlənkarlıq və ya mümkün sui-istifadə halları cəmiyyətdə haqlı narahatlıq doğurur.

Belə müəssisələrdə çalışan əməkdaşlardan redaksiyamıza daxil olan məlumatlara görə, mövcud təlimatlara əsasən uşaqlar bağçaya gəldikdən sonra müəssisə rəhbərliyi həmin gün faktiki olaraq gələn uşaqların sayına uyğun şəkildə anbardan ərzağın çıxarılması ilə bağlı rəsmi sənəd əsasında tapşırıq verməlidir. Gündəlik qida rasionu şagird sayına uyğun müəyyən edilir və hər bir uşaq üçün hansı qidadan nə qədər (adətən qramla) nəzərdə tutulduğu normativ sənədlərdə açıq şəkildə göstərilir. Anbardan buraxılan ərzaq əsasında isə uşaqlar üçün yeməklər və digər qidalar hazırlanmalıdır.

Lakin əsas sual buradan başlayır: bu qaydalara praktikada nə dərəcədə əməl olunur?

Məsələnin ən problemli tərəflərindən biri şəffaflıqla bağlıdır. Bağçalarda hər bir uşaq üçün nəzərdə tutulan ərzağın ayrılmasında şəffaflıq prinsipi real olaraq qorunurmu? Bu prosesdə müəssisə rəhbərliyinin və ya ayrı-ayrı əməkdaşların şəxsi maraqlarının olması ehtimalı varmı?

Cəmiyyətdə vaxtaşırı bağça müdirləri və ya əməkdaşları tərəfindən uşaq sayının real göstəricilərdən artıq göstərilməsi, nəticədə isə uşaqlar üçün nəzərdə tutulan ərzağın bir hissəsinin mənimsənilməsi ilə bağlı iddialar səsləndirilir. Bu cür iddialar yalnız etik məsələ deyil, eyni zamanda hüquqi məsuliyyət yaradan ciddi hallardır və birbaşa uşaqların qidalanma səviyyəsinə, dolayısı ilə sağlamlığına təsir göstərir.

Bu kontekstdə sual doğur: bu kimi halların qarşısının alınması üçün yerli təhsil idarəetmə orqanları tərəfindən hansı nəzarət və yoxlama mexanizmləri tətbiq olunur? Mövcud nəzarət mexanizmləri realdır, yoxsa formal xarakter daşıyır?

Qeyd edək ki, növbəti yazımızda artıq ümumi yanaşmadan çıxaraq konkret faktlar və ünvanlar üzərində dayanılacaq. Redaksiyamıza daxil olan məlumatlara əsasən, Xaçmaz şəhər 1 nömrəli körpələr evi-uşaq baxçasında baş verdiyi iddia olunan qanun pozuntuları ilə bağlı kifayət qədər ciddi və araşdırılmağa ehtiyac yaradan faktlar mövcuddur. Bildirilir ki, sözügedən bağçanın müdiri Kəmalə Sultanovanın Quba-Xaçmaz Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Fikrət Heybətov tərəfindən himayə olunduğu iddiaları da mövcuddur.

Həmin faktlar uşaq sayının sənədlərdə real göstəricilərdən fərqli əks olunması, qida təminatı ilə bağlı rəsmi qaydaların icrasında uyğunsuzluqlar və daxili nəzarət mexanizmlərinin formal xarakter daşıması ehtimallarını əhatə edir.

Redaksiya olaraq bu məlumatları mərhələli şəkildə, mövcud sənədlər və mənbələrin açıqlamaları əsasında ictimaiyyətə təqdim edəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...