Fuad Nəcəfli məxfi məlumatları kimlərə ötürüb? – Onun istintaqa cəlb edilməsinin GİZLİNLƏRİ

Fuad Nəcəfli məxfi məlumatları kimlərə ötürüb? – Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun həbsi ətrafında müzakirələr genişlənir. O, xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

“AzPolitika”ya daxil olan məlumata görə, Prezidentin Naxçıvan üzrə sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də bu iş üzrə istintaqa cəlb edilib. Mənbə iddia edir ki, bundan əlavə Nəcəfli başqa bir cinayət işi üzrə korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində də ifadə verib.

Səsləndirilən iddialar nə dərəcədə doğrudur?

Gundem.info.az xəbər verir ki,Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, bu məlumatın həqiqət olması istisna deyil:

“Bəhruz Əsgərovla bağlı istintaqa Fuad Nəcəflinin də cəlb olunması zəruri idi. Çünki ortada 5 milyon manatın mənimsənilməsi barədə ciddi iddia var və bu məsələ birbaşa keçmiş səlahiyyətli nümayəndə ilə əlaqələndirilir. Məndə olan məlumata görə, Fuad Nəcəfli həm öz kəndinə, həm də Azərbaycanda “beşinci kolon”un aparıcı şəxslərindən olan Əli Həsənovun kəndinə yol çəkilməsini Bəhruz Əsgərovdan tələb edib. Bəhruz Əsgərov da məcbur qalıb həmin yolu çəkib. Sonradan bu iş düzgün sənədləşdirilmədiyinə görə məsuliyyət onun üzərində qalıb. Halbuki həmin vəsaitin mənimsənilməsində əsas rol Fuad Nəcəfliyə aid olub. Məqsəd isə Əli Həsənovun qohum-əqrəbasına maddi imkan yaratmaq, onların könlünü xoş etmək idi. Bu münasibətin səbəbi də açıq görünür.

Əli Həsənovun qardaşı oğlu Anar Həsənov Fuad Nəcəfli ilə yaxın dost olub. Məlumata görə, o, zamanında hər üç aydan bir Naxçıvana gedib, Ali Məclisdə ona xüsusi yer ayrılıb. Hətta iddia var ki, Fuad Nəcəflinin Prezidentə təqdim etdiyi hesabatları da məhz Anar Həsənov hazırlayıb. Təsəvvür edin, adamın hesabat yazmaq qabiliyyəti belə olmadığı halda belə bir prosesə cəlb edilməsi nə deməkdir”.

Siyasi şərhçi qeyd edib ki, hökumət artıq təhlükənin miqyasını başa düşür:

“Naxçıvanla bağlı məxfi məlumatların, Prezidentə təqdim olunan hesabatların üçüncü şəxslərin əlinə keçməsi ciddi riskdir. Əli Həsənovun qardaşı oğlunun bu prosesdə iştirakı isə həmin məlumatların başqa mərkəzlərin, o cümlədən Moskvanın əlinə keçməsi ehtimalını artırırdı. Ona görə də hətta Əli Həsənovun da bu cinayət işi üzrə istintaqa cəlb olunma ehtimalı var. Məncə, əgər hələ cəlb edilməyibsə, bu addım mütləq atılmalıdır”.

Qeyd edək ki, Bəhruz Əsgərova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib. Məlumata görə, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nə 16 il ərzində rəhbərlik etmiş B. Əsgərova qarşı irəli sürülən ittihamlar 2018-2023-cü illəri əhatə edir. Onun bu müddətdə dövlətin xüsusilə külli miqdarda – 5 milyon manatdan çox vəsatini ələ keçirdiyi vurğulanır.

Xatırladaq ki, həmin dövrün 1 ili Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin vəzifədə olduğu dövrə düşür.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
9 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...