Şirvan şəhərində yolları təmir edən şirkətlər niyə sonradan etibarsız təchizatçı olurlar – İlqar Abbasov bilər

Şirvan şəhərində yolları təmir edən şirkətlər niyə sonradan etibarsız təchizatçı olurlar – Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Şirvan şəhərində yolların əsaslı təmiri üzrə 04.03.2025-ci ildə başladığı açıq tenderdə qalib “Aztimont” Açıq Səhmdar Cəmiyyəti seçilib. Tərəflər arasında 717.600,32 manat dəyərində satınalma müqaviləsi 28.10.2025-ci ildə bağlanılıb.

Qeyd edək ki, nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 30.09.2025-ci il tarixli Qərarı ilə “Aztimont” ASC etibarsız təchizatçılar siyasına daxil edilib.

Buna baxmayaraq Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi “Aztimont” ASC etibarsız təchizatçılar siyasına daxil edildikdən bir ay sonra 7 yüz min manatdan çox dəyəri olan satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı Maddəsinə görə: Təchizatçılar bu Qanunun 35.1.4-cü,( təchizatçı birdən artıq təklif təqdim etdikdə və ya birdən artıq təklifdə iştirak etdikdə); 35.1.10 ( satınalmanın keçirilməsi zamanı bir neçə təchizatçı arasında həmin satınalma ilə bağlı hər hansı sövdələşmə həyata keçirildikdə (o cümlədən qiymətin qaldırılmasına yönələn sövdələşmə həyata keçirildikdə) – 35.1.12-ci maddələrində qeyd olunan hallarda həmin halların aşkar edildiyi gündən 5 (beş) iş günü ərzində, satınalma müqaviləsinin icra edilməsindən boyun qaçırılması və ya 1 (bir) təqvim ili ərzində 3 (üç) və ya daha çox satınalmada satınalma müqaviləsinin bağlanmasından imtina edilməsi halında isə 15 (on beş) iş günü ərzində satınalan təşkilatın əsaslandırılmış müraciəti üzrə nəzarət orqanının əsaslandırılmış qərarı ilə etibarsız təchizatçılar hesab olunurlar.

16.4. Pozuntunun ağırlıq dərəcəsindən və təchizatçının əvvəllər belə pozuntuya yol verib-verməməsindən asılı olaraq, onun etibarsız təchizatçıların reyestrində qalma müddəti bu Qanunun 14.2.8-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilir. Təchizatçıların etibarsız təchizatçıların reyestrində qalma müddəti 3 (üç) ildən çox ola bilməz və həmin müddət ərzində təchizatçıların satınalmalarda iştirakına yol verilmir.

Göründüyü kimi Qanun etibarsız təchizatçılar siyasına daxil edilmiş təchizatçının satınalmalarda iştirakına ən azı bir il yol vermir. Amma Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi buna yol verməklə qanunun tələblərini gözardı etmişdir.

Qeyd edək ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Şirvan şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması üzrə “Aztimont” ASC ilə bir müqavilə də 29.09.2023-cü ildə bağlayıb. Bu müqavilənin dəyəri 578.616,13 manat təşkil edib.

Tərəflər arasında 593,288 min manat dəyərində bir müqavilə də 26.07.2021-ci ildə yolların əsaslı təmiri üzrə bağlanılıb.

“Aztimont” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur. Sabirabad rayonu, Qalağayın kəndində qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 50.432 manatdır.

Qeyd edək ki, ötən il ərzində Şirvan şəhər İcra Hakimiyyəti yolların əsaslı təmiri ilə bağlı 3 tenderdə “Aztimont” ASC-ni qalib elan edib və şirkətə ümumilikdə 1,458 mln manat ödənilib. Maraqlıdır ki, həmin dövrdə şirkətin adı “Aztimont” ASC deyil, “Azərtikinti-Quraşdirma-Servis-23” ASC olub.

Eləcə də, daha əvvəl Şirvan şəhər İcra Hakimiyyətinin və İcra Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin elan etdiyi 3 tenderi eyni şəxsə məxsus iki şirkət udub. Belə ki, Şirvan şəhərinin abadlaşdırılması ilə bağlı tenderlərin birində “Delta-İnşaat” MMC, digər ikisində “Next-Təchizat” MMC qalib olub və şirkətlərə ümumilikdə 824,417 min manat ödəniş edilib.

“Next-Təchizat” və “Delta-İnşaat” MMC-lər 2012-ci ildə bir gün fərqlə 26 və 27 yanvar tarixlərində yaradılıb və qanuni təmsilçiləri İbrəhimov Əlimurad Nuralı oğludur. Şirvan şəhəri, M. Rəsulzadə, ev 14 ünvanında qeydiyyatda olan şirkətlərin nizamnamə kapitalı 50 manatdır.

Bundan əlavə Şirvan şəhər İcra Hakimiyyətinin və İcra Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi 2021-2022-ci illərdə Şirvan şəhərində yolların əsaslı təmiri və abadlıq işləri üzrə “ŞABRAN-D” MMC ilə ümumi dəyəri 939 951 manat olan üç satınalma müqaviləsi bağlayıb.

Nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 04.11.2024-cü il tarixli Qərarı ilə “ŞABRAN-D” MMC etibarsız təchizatçılar siyasına daxil edilib.

Qeyd edək ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Şirvan şəhərində yolların əsaslı təmiri üzrə bir müqavilə də “DREAM CONSTRUCTİON COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 23.12.2024-cü ildə bağlayıb. Bu müqavilənin dəyəri 715.526,04 manat təşkil edib. Satınalmaların portalında müqavilənin başlanma tarixi 18.12.2024-cü il, bitmə tarixi 29.12.2024-cü il göstərilir. Göründüyü kimi “DREAM CONSTRUCTİON COMPANY” 715 min manatlıq sifarişi 11 günə həyata keçirib.

Nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 25.02.2026-cı il tarixli Qərarı ilə “DREAM CONSTRUCTİON COMPANY” MMC etibarsız təchizatçılar siyasına daxil edilib.

Qeyd edək ki, Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Ceyhun Nəcəfovdur. O, 2021-ci ilin noyabr ayından bu vəzifəyə təyin edilib. Maraqlı orasıdır ki, Ceyhun Nəcəfovun rəhbərliyi ilə Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin müqavilə bağladığı “Aztimont” ASC, “ŞABRAN-D” MMC və “DREAM CONSTRUCTİON COMPANY” MMC sonradan nəzarət orqanının qərarı ilə etibarsız təchizatçılar siyasına salınıblar. Niyə?

Çünki, adları çəkilən şirkətlər heç də lazımı maddi texniki bazaya malik deyillər. Tender yolu ilə onlara verilən dövlət sifarişləri də çox səthi şəkildə həyata keçirilir. İşlər də bir çox hallarda şəhər kommunal təsərrüfatının, yerli yol istismar idarələrinin dəstəyi ilə görülür. Təbii ki, satınalan təşkilatın razılığı ilə. Satınalan təşkilatın başında da təbii ki, Şirvan şəhər İcra Hakimiyətinin başçısı durur.

Xatırladaq ki, Şirvan şəhər İcra Hakimiyətinin başçısı İlqar Abbasovdur. O, Prezidentin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin edilmişdir. İlqar Abbasov 2004–2005-ci illərdə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı, 2005–2019-cu illərdə isə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyətinin başçısı vəzifələrində çalışıb. Onun adı Suraxanı rayonun Bülbülə, Əmircan, Hövsan, Zığ, Yeni Günəşli, Yeni Suraxanı və Qaraçuxur qəsəbələrində torpaq sahələrinin kütləvi satılmasında hallanır.



Aktualinfo.net



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
5 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...