Mədəniyyət Nazirliyi S.Bəhlulzadənin rəsm əsərini muzey direktorunun bacısından alıb – Vergisi də daxil

Mədəniyyət Nazirliyi S.Bəhlulzadənin rəsm əsərini muzey direktorunun bacısından alıb –  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığı fond mallarının alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə, yəni dövlət satınalmalarının vahid internet portalında keçirilmədən fiziki şəxs Abdinova Günel Rafael qızı ilə 34.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumatlar satınalmaların portalında 19.03.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığı “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Belə ki, sözügedən qanunun 15.1.-ci maddəsində göstərilir: Bu Qanunuun 3.12-ci və 15.3-cü maddələrinin (Məxfi məlumatlarla əlaqəli satınalmalar və bu satınalmalarla bağlı prosedurlar kağız daşıyıcılarında həyata keçirilir) tələbləri nəzərə alınmaqla, satınalma yalnız portal vasitəsilə həyata keçirilir.

Bundan əlavə, sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.

Göründüyü kimi Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığı satınalma predmetinin kifayət qədər əvəzedicisi və alternativi olsa da, xüsusi hüquqlara malik olmayan fiziki şəxs Günel Abdinova ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da əsaslı şübhələrə yol açır. Satınalmaların portalında dərc edilmiş məlumatda fiziki şəxs Günel Abdinovanın VÖEN-inin olmadığı göstərilir. Bu isə fiziki şəxsin vergidən yayınmasına şərait yaradır.

Bununla da Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığı fiziki şəxs Günel Abdinova ilə bir mənbədən satınalma metodu ilə müqavilə bağlayarkən “Dövlət Satınalmaları Haqqında” Qanununun aşağıdakı tələblərini pozmuşdur.

23.6.1. bu Qanunun 23.3.1-ci maddəsində qeyd olunan tələb üzrə – təchizatçı fiziki şəxs olduqda vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin, hüquqi şəxs olduqda isə dövlət qeydiyyatı haqqında şəhadətnamənin, hüquqi şəxsin nizamnaməsinin və dövlət reyestrindən çıxarışın surəti;

23.6.6. bu Qanunun 23.4.2-ci (satınalma müqaviləsinin icrası üçün maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması) maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış (cari ildə fəaliyyətə başlama halında, maliyyə vəziyyəti barədə hesabatı və bank dövriyyəsi barədə bank tərəfindən verilmiş arayış bütün fəaliyyəti dövrünü əhatə etməklə).

Göründüyü kimi “Dövlət Satınalmaları Haqqında” Qanunu təchizatçı fiziki şəxs olduqda vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin olmasını tələb edir. Amma Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığı sahibkarlıq fəliyyəti olmayan, fiziki şəxs kimi vergi uçotuna alınmasını təsdiq edən şəhadətnaməsi (VÖEN-in) olmayan fiziki şəxslə müqavilə bağlayıb.

Bütün bu kimi qaranlıq suallara aydınlıq gətirilməsi məqsədi ilə Mədəniyyət Nazirliyinin Mərkəzləşdirilmiş Mühasibatlığına sorğu ünvanladıq. Sorğu məktubuna qurum tərəfindən verilən cavabı olduğu kimi diqqətinizə çatdırırıq.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mərkəzləşdirimiş Mühasibatlığın Satınalma Komissiyası sorğunuza cavab olaraq bildirir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 11.02.2026-cı ildə 06 saylı məktubla S.Bəhlulzadənin ev muzeyinin fondunun zənginləşdirilməsi üçün S.Bəhlulzadənin özünə məxsus 4 ədəd rəsm əsərinin Azərbaycan Respublikası vətəndaşı Abdinova Günel Rafael qızından «Dövlət Satınalmalar Haqqında» Azərbaycan Respubliaksı Qanununun 49.1.1 maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodun tətbiq etməklə (qeyd edək ki həmin rəsm əsərlərin əsli yalnız Abdinova Günel Rafael qızındadır.) alınmasına müraciət olunmuşdur. Həmi müraciətdə vətəndaşın VÖEN — i olmadığı üçün dövlət büdcəsinə ödəniləcək verginin mühasibatlıq tərəfindən ödəniləcəyi qeyd olunmuşdur. Məktubumuza cavab olaraq Azərbaycan Respublikasının Prezidenti Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin 3-54/2-3063/2026 saylı 05.03.2026-cı il tarixli məktubunda (Məlumat üçün: məktubun bir nüsxəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinə göndərilmişdir.) «Dövlət Satınalmalar Haqqında» Azərbaycan Respubliaksı Qanununun 49.1.1 maddəsinə uyğun olaraq bir mənbədən satınalma metodun tətbiq etməklə, muzeyin fondunun zənginləşdirilməsi üçün rəsm əsərlərinin alınmasına etiraz edilməmişdir. Yuxarıda Qeyd edilənləri nəzərə alaraq bir daha bildiririk ki, «Dövlət Satınalmalar Haqqında» Azərbaycan Respubliaksı Qanununun 49.1.1 maddəsi pozulmamışdır və satınalma predmeti yalnız konkret təchizatçıya məxsusdur, satınalma predmetinin əvəzedicisi və alternativi yoxdur.

Mədəniyyət Nazirliyinin Mərkəzləşdirimiş Mühasibatlığı tərəfindən sorğumuza verilən cavabından göründüyü kimi qurum S.Bəhlulzadənin ev muzeyinin fondunun zənginləşdirilməsi üçün S.Bəhlulzadənin özünə məxsus 4 ədəd rəsm əsərini satın alıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə vergi uçotuna alınmamış fiziki şəxslə müqavilə bağlamağa icazə verib. Buna qanun yol verirmi, yoxsa Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də qanunsuzluğa rəvac verir, aidiyyatı qurumların öhdəsinə buraxırıq.

Qeyd edək ki, burada daha maraqlı bir nüans da var. Səttar Bəhlulzadənin ev-muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Rafael qızı Abdinovadır. Mədəniyyət Nazirliyinin Mərkəzləşdirimiş Mühasibatlığının bir mənbədən satınalma metodu ilə müqavilə bağladığı fiziki şəxs Abdinova Günel Rafael qızı isə sözügedən muzeyin direktorunun bacısıdır.

Göründüyü kimi S.Bəhlulzadənin ev-muzeyinin direktoru S.Bəhlulzadənin özünə məxsus əsli yalnız bacısı Abdinova Günel Rafael qızında olan 4 ədəd rəsm əsərini Mədəniyyət Nazirliyinin əli ilə satın alıb. Hətta vergisini belə ödəmək şərti ilə. Təbii ki, bütün bunlar Mədəniyyət naziri Adil Kərimlinin xeyir-duası ilə olub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Mərkəzləşdirimiş Mühasibatlığın müdiri Elxan Ağasıyevdir. O bu vəzifədə 2016-cı ilin may ayından çalışır. O, Əbülfəs Qarayevin hələ Mədəniyyət və Turizm naziri olduğu dövrlərdən bu vəzifəyə təyin edilib. Göründüyü Əbülfəs Qarayevdən sonra iki nazir dəyişməsinə baxmayaraq Elxan Ağasıyev artıq on ildir ki, sözügedən vəzifənin başındadı.



Aktualinfo.net



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
4 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...