Zakir İbrahimov 100 milyonluq tenderi görün kimə verir...
1xeber.media xəbər verir ki, Azergold QSC sədri Zakir İbrahimovun yaxın adamı kimi adı bu qurumun tenderlərində söz sahibi olan müşavir Müşfiq Məmmədlinin öz postundan kənarlaşdırılması haqqında məlumat yayılıb.
Onun öz postundan kənarlaşdırılması təəccübə səbəb olub. Amma araşdırmamız zamanı bu qərarın əsas səbəbi üzə çıxıb.
Belə ki, Zakir İbrahimovun Müşfiq Məmmədlini kənarlaşdırması əslində onun himayəsində olan şirkətə böyük tender verməsi niyyətindən irəli gəlib.
Belə ki, Azergold QSC-nin büdcəsi yüz milyon manat təşkil edən və aylardır davam edən “Tülallar mədənində qazma-partlayış işlərinin və daşınma xidmətinin satın alınması” adlı tenderində iştirak edən AzerMining MMC-nin qalib gələcəyi ilə bağlı iddiaların gücləndiyi bir vaxtda bu kadr dəyişikliyi baş verir.
İddia olunur ki, AzerMining MMC və bununla yanaşı bir sıra digər şirkətlər faktiki olaraq Müşfiq Məmmədliyə və onun qardaşı Cavid Məmmədliyə bağlıdır. Məlumatlara görə, artıq elə bir vəziyyət yaranıb ki, Müşfiq Məmmədlinin qardaşı Cavid Məmmədli tenderlərdə əldə olunan uğurlar münasibətilə Bakı şəhərində müxtəlif məkanlarda dost və tanışları üçün məclislər təşkil edir və qələbələrini qeyd edir. Cavid Məmmədliyə sizin bu qədər layihə və şirkətləriniz var, nə üçün qardaşının Müşfiq Məmmədlinin Azergold QSC-də müşavir vəzifəsində çalışdığı barədə sual verildikdə, o buna belə cavab verib: “Krantın başında olmaq lazımdır ki, istənilən vaxt açıb-bağlayasan.” Bununla o, böyük həcmli layihələrin və sifarişlərin özlərinə məxsus şirkətlərə yönləndirilməsi üçün aidiyyəti şöbələrə təsir imkanlarının mövcudluğunu bildirir.
Əlavə olaraq iddia olunur ki, onlar büdcəsi 300 milyon manat olan və Kəlbəcər Söyüdlü (Zod) rayonunda həyata keçirilməsi nəzərdə tutulan tenderdə də qalib gələcəklərini əvvəlcədən müxtəlif çevrələrdə açıq şəkildə ifadə etməkdən çəkinmirlər.
Məlumatlara əsasən, Məmmədli qardaşları ilə əlaqələndirilən şirkətlər aşağıdakılardır:
1. Bert MMC
2. Azdağmədən MMC
3. Azdağmədənistismar MMC
4. Resource Planning MMC
5. AT Geotech MMC
6. AzerMining MMC
7. AT Geotech Lab MMC
İddialara görə, Azergold QSC-nin satınalma proseslərində müəyyən tender şərtləri Müşfiq Məmmədlinin nəzarəti və təsiri altında formalaşdırılır. Nəticədə onunla əlaqəli olduğu bildirilən şirkətlər tenderlərdə formal iştirakçı qismində çıxış edərək bir-birinə yetərsay yaradır, rəqabət görüntüsü formalaşdırır və müxtəlif sxemlər vasitəsilə qalibiyyətin əvvəlcədən müəyyən edilmiş şirkətlərə verilməsinə nail olurlar. Bundan əlavə, Müşfiq Məmmədli ilə əlaqələndirilən şirkətlərə rəqib olan şirkətlərin müxtəlif üsullardan istifadə edilməklə tender proseslərindən kənarlaşdırıldığı da iddia olunur.
Bildirilir ki, AzeriMining və eləcə də yuxarıda adıçəkilən digər şirkətlərin iştirak etdiyi tenderlərdə yekun qərarın verilməsi prosesi dəfələrlə aylarla gecikdirilir. Nəticədə isə qızılın dünya bazarında qiymətinin artdığı vaxtda yataqlar işlənilmir və bu hal ölkə iqtisadiyyatına birbaşa zərər vurur. Lakin bu hal öz şirkətlərini qalib etməyə çalışan bu şəxslər üçün elə də maraqlı deyil. O da maraq doğuran məqamlardan biridir ki, Dövlət Büdcəsinə vurulmuş zərərlər hesabına əldə olunan milyonlarla manat vəsait hansı məqsədlərə sərf edilir. Əminik ki, qanunsuz formada əldə olunmuş həmin vəsaitlərin gələcəkdə dövlət əleyhinə istifadə olunub-olunmaması məsələsi də aidiyyəti qurumlar tərəfindən araşdırılmalı olan vacib məqamlardan biri olaraq qalır.
Görəsən, Azergold QSC rəhbərliyi və Zakir İbrahimovun müəssisə daxilində baş verdiyi iddia olunan bu proseslər barədə məlumatı varmı?
Onu da qeyd edək ki, ölkənin ən böyük qeyri-neft sektoru müəssisələrindən biri olan Azergold QSC-də xarici investorların cəlb olunması istiqamətində mühüm işlərin həyata keçirildiyi bir dövrdə bu cür iddiaların gündəmə gəlməsi ciddi narahatlıq doğurur. Çünki bir tərəfdən ölkəyə yüz milyonlarla manat həcmində investisiyanın cəlb edilməsinə çalışıldığı halda, digər tərəfdən müəssisə daxilində baş verdiyi iddia olunan proseslər korporativ idarəetmə və şəffaflıqla bağlı suallar yaradır.
Bu isə həm Azergold QSC-nin nüfuzuna, həm də gələcək investisiya layihələrinin həyata keçirilməsinə kölgə sala bilər.
Əlavə etmək istərdik ki, Azərgold QSC və Daşkəsən Dəmir Filiz MMC-nin satınalmalar şöbələrində baş verdiyi iddia olunan maxinatsiyalar və qanunsuzluqlar Müşfiq və Cavid Məmmədli qardaşları ilə yekunlaşmır. Azərgold QSC və Daşkəsən Dəmir Filiz MMC-nin satınalmalar şöbəsində digər yüksək vəzifəli şəxslərin və onların yaxınlarının iştirakı ilə baş verən qanunsuzluqlarla bağlı geniş jurnalist araşdırmasını yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
8 dəfə oxundu












