Rus dili bölməsinin ləğvi bu müddətə qədər tamamilə başa çata bilər - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycanda rusdilli məktəblərin bağlanacağı ilə bağlı iddia var. İddiaya görə, islahatlar mərhələli şəkildə aparılacaq. Bu xəbər cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə valideynlər və təhsil ekspertləri arasında geniş rezonans doğurub.
Bəs, bu qərarın həyata keçirilməsi nə qədər vaxt aparacaq?
Mövzu ilə bağlı Ölkə.az-a danışan təhsil eksperti Elçin əfəndi bildirib ki, qarşıdakı illərdə bu qərar artıq verilməlidir:
“Çünki biz dəfələrlə Rusiyanın və Rusiya şovinist yanaşmasının, imperialist və yaxud da işğalçı yanaşmasının elementlərindən birin də məhz rus dili amilini görürük. Necə ki, biz bunu Ukraynada, Gürcüstanda, o cümlədən Qazaxıstanın şimalında müşahidə etmişik. Əgər o ərazilərdə rus dilində danışanlar varsa, Rusiya onları öz vətəndaşları kimi və yaxud da onların təhlükəsizliyini öz təhlükəsizliyi olaraq qəbul edir.
Ona görə də müstəqil Azərbaycanın təhdid elementlərindən biri hansısa bir ölkə üçün budursa, biz də tədricən bunu aradan qaldırmalıyıq. Azərbaycan müstəqil dövlətdir, müstəqil xarici siyasəti və güclü lideri var”.
Ekspert qeyd edib ki, rus bölməsinin ləğv olunacağı məsələsi ilə yanaşı dərs deyən müəllimlərin aqibəti də sorğulanır:
“Əlbəttə, onlar ixtisasartırma və ya ixtisas dəyişmə istiqamətində prosesə cəlb olunaraq tədricən Azərbaycan bölmələrinə transfer oluna bilərlər. O da düşünürəm ki, çox ciddi bir problem yaradacaq amil deyil. Bizim üçün hazırda ciddi problem Rusiyanın dediyim kimi, işğalçı elementlərindən biri hesab olunan rus bölməsi tədrisi məsələsidir. Rus dilinin tədrisi problem deyil, yəni xarici dil kimi rus dili məktəblərdə tədris oluna bilər. Amma ayrıca rus bölməsi və rus ideologiyası əsasında dərslərin aparılması təbii ki, ləğv olunmalıdır. Qaldı ki, prosesin ləğv olunma müddətinə, bu proses böyük ehtimalla mənə görə, 2030-cu ilə qədər və 2030-cu ildən sonra artıq tamamilə başa çatmalıdır”.
51 dəfə oxundu