Qızılın 1 qramı 274 manat olacaq – Proqnoz

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bank of America”nın (BofA) analitikləri məlumat yayıb.
Bildirilir ki, hazırda qiymətli metalın spot qiyməti tarixdə ilk dəfə 4100 dolları ötərək yeni rekord müəyyən edib.
Ekspertlər qeyd edirlər ki, ABŞ və Çin arasında ticarət gərginliyinin artması, xüsusilə də ABŞ Prezident Donald Trampın Çin mallarına əlavə 100% idxal tarifləri tətbiq etmək təhdidləri investorları “təhlükəsiz sığınacaq” sayılan qızıla yönəldib.
Eyni zamanda, ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini aşağı salmaqda davam edir. Bu amil faiz gəliri gətirməyən qızılı investorlar üçün daha cəlbedici edir. Hazırda FED-in əsas faiz dərəcəsi 4–4,25% aralığındadır və ilin sonuna qədər azalma gözlənilir.
“Bank of America”nın hesabatında bildirilir ki, 2026-cı il ərzində qızılın orta qiyməti 4400 dollar səviyyəsində olacaq, lakin ilin sonuna qədər 5000 dollara qədər artım mümkündür. Analitiklər həmçinin investor tələbinin təxminən 14% yüksələcəyini proqnozlaşdırırlar.
Digər iri maliyyə qurumları da proqnozlarını yeniləyiblər: “Goldman Sachs” qızılın 2026-cı ilin sonuna qədər 4900 dollara, “Commerzbank” 4200 dollara, “Deutsche Bank” isə 4300 dollara qədər bahalaşacağını gözləyir.
Ekspertlərin fikrincə, qlobal siyasi və iqtisadi qeyri-sabitlik şəraitində qızılın yaxın illərdə də əsas investisiya aləti kimi önəmi artmaqda davam edəcək.
2 dəfə oxundu