Azərbaycanda pensiya yaşı yenidən artırıla bilər?

Azərbaycanda pensiya yaşı yenidən artırıla bilər?Sosial şəbəkələrdə orta ömür uzunluğunun artmasının gələcəkdə pensiya yaşının artırılmasına səbəb olacağı ilə bağlı iddialar yayılıb.

"Unikal" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə olunmur.

Qeyd edilib ki, ölkədə sosial ödənişlərin, o cümlədən pensiyaların davamlı artımı təmin edilməklə yanaşı, bu ödənişlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən hər ay vaxtlı-vaxtında həyata keçirilir:

"Eyni zamanda, Fondun maliyyə dayanıqlılığının təmin edilməsi üçün də məqsədyönlü işlər aparılır.

Sığorta-pensiya sistemində rəqəmsal həllərin geniş tətbiqi ilə şəffaflığın təminatı, DSMF-nin sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi və s. istiqamətlərdə müvafiq addımlar atılır.

Qeyd edilən tədbirlər çərçivəsində pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə olunmur", - cavabda bildirilib.

*** 12:54

"Hazırda pensiya yaşının artırılması müzakirə olunmur və bununla bağlı hər hansı layihə təqdim edilməyib. Amma pensiya islahatlarının dərinləşməsi, pensiya qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir".

Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, burada özəl pensiya fondlarının yaradılması, sığorta-pensiya münasibətlərinin tənzimlənməsi də vacib istiqamətlərdən hesab olunur:

"İslahatların bu istiqamətdə dərinləşməsi və yeni qərarların qəbul edilməsi gözləniləndir. Strategiyada qeyd edilən məsələlər daha uzunmüddətli dövr üçün nəzərdə tutulub. Bu dövrdə xüsusilə əhalinin yaşı, sığorta ödənişləri nəzərə alınmaqla qərarların veriləcəyi gözlənilir. Hazırda daha çox özəl pensiya fondlarının yaradılması, pensiya-sığorta sisteminin daha da təkmilləşdirilməsi əsas hədəflərdəndir. Bu istiqamətdə növbəti ildə addımların atılacağı gözlənilir.

Konkret pensiya yaşının dəyişilməsi ilə bağlı hansısa layihə müzakirə olunmayıb. Sözsüz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi mövcud fiskal imkanlar və demoqrafik vəziyyəti nəzərə almaqla bu istiqamətdə fəaliyyətləri planlaşdırmağa və sistemləşdirməyə çalışır".

Qeyd edək ki, Maliyyə Nazirliyinin yaxın 4 il üçün açıqladığı Ortamüddətli Xərclər Çərçivəsində bildirilib ki, hazırda ölkəmizdə müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər. 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 % təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 %-ə çatacağı gözlənilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
0 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...