Tibb Universitetində dosentlərin işbirliyinə Qanun yol vermədiyi halda kimlər yol verir
Qeyd edək ki, “ALFAMED LTD” MMC son illər Səhiyyə Nazirliyinə tabeli qurumların və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin keçirdiyi bir neçə satınalmanın qalibi olub. Bunlara keçməzdən öncə sözügedən MMC ətrafında araşdırma apardıq.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ALFAMED LTD” (VÖEN: 1400067081) Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.07.2004-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ,NƏSİMİ RAYONU, AZADLIQ PR., ev.84, m.37, qanuni təmsilçisi kimi isə Əliyeva Kübra Yaşar qızı qeyd olunub.
Vergi öhdəlikləri üzrə 2009 – 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə MMC-yə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir
Şirkətin təsisçisi və ilk qanuni təmsilçisi də Əliyeva Kübra Yaşar qızı olub. Reyestr məlumatlarına görə 2009-cu ildən sonra bir neçə il MMC-nin qanuni təmsilçisi İsgəndərov Vaqif Hüsey oğlu olub.Daha sonra Kübra Əliyeva onu əvəz edib.
Bəs “ALFAMED LTD” MMC-nin qanuni təmsilçəliri kimlərdir?
Əliyeva Kübra Yaşar qızı Azərbaycan Tibb Universiteti, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasında 1994-cü ildən hal-hazıradək baş laborantdan başlayaraq stajçı-müəllim, assistent, baş müəllim, dosent vəzifəsinə qədər yüksəlib. Kübra Əliyeva Azərbaycan Tibb Universitetinin əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının dosenti kimi həm də Azərbaycan Əczaçılar Assosiasiyasının təşkilat komitəsinin üzvüdür.
“ALFAMED LTD” MMC-yə rəhbərlik etmiş İsgəndərov Vaqif Hüsey oğlu da Azərbaycan Tibb Universitetində Əczaçılıq kimyası kafedrasının dosentidir. O, da Tibb Universitetinin dosenti kimi həm də Azərbaycan Əczaçılar Assosiasiyasının təşkilat komitəsinin üzvüdür.
Göründüyü kimi Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası elə sözügedən təhsil müəssisəsinin dosenti Kübra Əliyevanın qanuni təmsilçisi olduğu “ALFAMED LTD” MMC ilə müqavilə bağlamağı planlaşdırır. Bəs qanun buna yol verirmi?
“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1. maddəsində göstərilir ki, Təchizatçıların aşağıdakı hallarda (satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olduğu, yaxud satınalma predmetinin əvəzedicisi və alternativi olmadığı hallar istisna olmaqla) satınalmalarda iştirakına yol verilmir: 6.1.1. təchizatçının satınalan təşkilatdan və ya satınalan təşkilatla təchizatçının eyni qurumdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olduqda; 6.1.2. təchizatçılardan biri digərinin benefisiar mülkiyyətçisi olduqda, yaxud təchizatçıların azı ikisi eyni benefisiar mülkiyyətçinin nəzarətində olduqda; 6.1.3. təchizatçılardan biri digərinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı olduqda, yaxud təchizatçıların azı ikisinin idarəetmə orqanının üzvü və (və ya) iştirakçısı eyni şəxs olduqda;
Qanun buna yol vermədiyi halda Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Satınalma Komissiyası elə Tibb Universitetinin işçisi Kübra Əliyevaya məxsus “ALFAMED LTD” MMC-nin tenderd satınalmalarda iştirakına necə yol verilib?
Qeyd edək ki, “ALFAMED LTD” MMC son dörd ildə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxsi ilə ümumi dəyəri 3 463 630 manat olan iki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ilə ümumi dəyəri 1833 082 manat olan iki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə ümumi dəyəri 3 680 597 manat olan iki tenderin qalibi olub.
Xatırladaq ki, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Sultanov Əsədulla Paşa oğludur. O bu vəzifəyə 2024-cü ilin iyun ayından təyin edilib. Qeyd edək ki, Əsədulla Sultanov da hazırda Azərbaycan Tibb Universitetinin III cərrahi xəstəliklər kafedrasının dossentidir.
Göründüyü kimi Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının təşkil etdiyi satınalmada alan da, satan da elə həmin müəssisənin əməkdaşlarıdır. Bu da bir dövlət satınalmasından daha çox şəxslərin işbirliyinə oxşayır. Burada satınalma prosedurunun Tibb Universitetininnin rektoru Gəray Gəraybəyli ilə əvvəlcədən planlaşdırılmış, razılaşdırılmış şəkildə, həyata keçirilməsi də istisna deyil. “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunun buna yol vermədiyinə rəğmən.
Aktualinfo.net.
2 dəfə oxundu












