Banklarda yeni risk: kredit alanlar üçün pis xəbər – Diqqət

Banklarda yeni risk: kredit alanlar üçün pis xəbər – Ölkədə problemli kreditlərin məbləği artıb. Belə ki, bu sahədə son bir ildə 10 faiz və ya 48,1 milyon manat artım müşahidə olunub. Mütəxəssislər hesab edirlər ki, bu artımın qarşısını almaq üçün bank sektorunda risklərin idarə olunması və borcalanların ödəmə qabiliyyətinin dəqiq qiymətləndirilməsi əsas şərtlərdəndir.

Prosesin qarşısını hansı üsullarla almaq olar?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib ki, bu artım həm bank sektorunda risklərin yüksəldiyini, həm də borcalanların ödəmə qabiliyyətində problemlərin dərinləşdiyini göstərir:

“Məsələ həm maliyyə sabitliyi, həm də sosial rifah baxımından diqqət tələb edir. Artımın əsas səbəbləri gəlir azalması və inflyasiyadır. Əhalinin real gəlirləri artan qiymətlər fonunda aşağı düşdüyü üçün borc ödənişlərini vaxtında yerinə yetirmək çətinləşir. Paralel olaraq, son illərdə xüsusilə istehlak və avtomobil kreditlərində orta faiz dərəcələrinin artması borcluların yükünü artırıb. Bundan əlavə, maliyyə savadlılığı da aşağı səviyyədədir. Borcalanların əhəmiyyətli hissəsi kredit şərtlərini, faizlərin və cərimələrin mexanizmini tam anlamır”.

İqtisadçı qeyd edib ki, problemin qarşısını almaq üçün müxtəlif üsullar mövcuddur:

“Əvvəla, risk əsaslı kreditləşmə modeli gücləndirilməlidir. Yəni banklar kredit verməzdən əvvəl müştərinin gəlir axınını, borc yükünü və sosial vəziyyətini daha dərindən analiz etməlidirlər. Eyni zamanda sığorta şirkətlərinin və ya dövlət fondlarının iştirakı kredit riskini paylaşaraq problemli kreditlərin həcmini azalda bilər. Habelə, maliyyə çətinliyi yaşayan borcalanlara faiz dərəcəsinin müvəqqəti endirilməsi, ödəniş qrafikinin uzadılması və ya borcun bir hissəsinin güzəştə gedilməsi kimi imkanlar tanınmalıdır. Ən əsası əhalinin borc götürmə mədəniyyəti formalaşdırılmalıdır. Banklar və Azərbaycan Mərkəzi Bankı (AMB) birgə maarifləndirici proqramlar həyata keçirməlidirlər. AMB nəzarəti sərtləşdirilməli, problemli kreditlərin faizinə limitlər qoyulmalı, bankların risk portfelləri daha sıx monitorinq altında saxlanmalıdır. Problemli kreditlərin artımı yalnız bankların deyil, ümumilikdə iqtisadi sistemin dayanıqlığına təsir edən məsələdir. Bu sahədə risk idarəçiliyi, maliyyə intizamı və borcalan mədəniyyəti paralel şəkildə inkişaf etdirilməlidir. Əks halda, borc yükü artacaq, kredit bazarında etimad zəifləyəcək və maliyyə sisteminin dayanıqlığı risk altına düşəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...