Tərtər şəhərinin şəhid Maarif Mustafayev küçəsində asfalt örtüyünün salınması işlərinə başlanılıb
Bu tədbirlər çərçivəsində şəhərin şəhid Maarif Mustafayev küçəsində yeni asfalt örtüyünün salınması prosesinə baçlanılıb. İşlərin ilkin mərhələsində yol yatağı qum-çınqıl qarışığı ilə doldurularaq xüsusi texnikalar vasitəsilə kipləşdirilir və hamarlanır. Hazırlıq mərhələsindən sonra küçəyə ümumilikdə 3150 kvadratmetr sahədə yeni asfalt örtüyü döşənir. Layihənin əsas üstünlüklərindən biri də odur ki, asfaltlanma ilə paralel olaraq küçədəki mövcud elektrik, qaz, su və telekommunikasiya xətləri də yenilənərək qaydaya salınır.
Yaxın günlərdə şəhərin yol-nəqliyyat strukturunun təkmilləşdirilməsi məqsədilə Elman Mehdiyev, Polad Ərəbov və Hüseyn Cavid küçələrində, eləcə də Cavanşir küçəsinin 3-cü, Elman Səfərov küçəsinin isə 1, 2, 3, 4 və 5-ci döngələrində də asfaltlanma işlərinə başlanılması nəzərdə tutulub. Görülən bu işlər şəhərin estetik görünüşünün yaxşılaşdırılması ilə yanaşı, sakinlərin gediş-gəlişinin və gündəlik həyat şəraitinin daha da rahatlaşmasına xidmət edir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abadlıq işlərinin aparıldığı əraziyə baş çəkərək, prosesin gedişatı ilə yerində tanış olub, aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib. İcra başçısı sakinlərlə görüşərək onların təklif və fikirlərini dinləyib. Görüş zamanı vurğulanıb ki, sözügedən küçəyə ilk dəfədir asfalt örtüyü çəkilir; əvvəllər çınqıl örtüklü olan yol xüsusilə yağıntılı havalarda ciddi çətinliklər yaradırdı.
Sakinlər yaşadıqları ərazinin abadlaşdırılmasına və yaradılan müasir şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını ifadə ediblər.
10 dəfə oxundu












