Sosial ödənişlər yenə eyni iki bank vasitəsilə veriləcək

Sosial ödənişlər yenə eyni iki bank vasitəsilə veriləcəkDövlət Sosial Müdafiə Fondunun (DSMF) keçirdiyi tender müsabiqələrinin qalibləri “Azərbaycan Beynəlxalq Bankı” ASC (VÖEN - 9900001881) və “Kapital Bank” ASC (VÖEN - 9900003611) olub.
Yeniavaz.com xəbər verir ki, DSMF-də əmək haqlarının, eləcə də DSMF tərəfindən icra olunan bütün növ ödənişlərin nağdsız qaydada ödənilməsi məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınmasına görə ABB-yə 23 milyon 573 min 3 manat 90 qəpik, “Kapital Bank”a isə 28 milyon 15 min 689 manat 90 qəpik ödəniləcək.
Qeyd edək ki, xidmət dövrü 2026-cı ilin yanvar–dekabr aylarını əhatə edəcək.
Müqayisə üçün bildirək ki, ötən il keçirilən analoji tender müsabiqəsindən sonra DSMF ABB-yə 22 milyon 981 min 530 manat 5 qəpik, “Kapital Bank”a isə 24 milyon 560 min 167 manat 80 qəpik ödəyib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə DSMF-nin ABB-yə ödəyəcəyi vəsait 591,5 min manat və ya 2,6%, “Kapital Bank”a ödəyəcəyi vəsait isə 3,46 milyon manat və ya 14,1% artıb.
Məlumat üçün onu da bildirək ki, uzun illərdir DSMF tərəfindən ödənilən sosial ödənişlər adları qeyd olunan bu iki bank tərəfindən həyata keçirilir. Bu vəziyyət müxtəlif zamanlarda mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox ekspert hesab edir ki, sosial ödənişlərin iki bank tərəfindən həyata keçirilməsi bu sahədə rəqabətin qarşısını alır və eyni zamanda da sosial ödəniş alan vətəndaşların saatlarla bankomatların qarşısında növbələrdə durmasına gətirib çıxarır.
Xatırladaq ki, 2022-ci ilin 22 iyul tarixində Azərbaycan Prezidentinin imzaladığı 3378 saylı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamda da qeyd olunub ki, 2026-cı ilin sonuna kimi sosial ödənişlərdə banklararası rəqabətin gücləndirilməsi, pensiya və müavinətlərin alınması üzrə bank seçimində sərbəstlik təmin ediləcəkdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
11 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...