Tərtərdə baramaçılığın inkişafına dair maarifləndirici təlim keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında kümxanaların hazırlanması və tut ipəkqurdunun bəslənməsi texnologiyası mövzusunda təlim keçirilib. Tədbir Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) və Qax Damazlıq İpəkçilik Stansiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Tərtər RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi müdirinin müavini, Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektorunun müdiri Murad Səfərov, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev, İƏD üzrə nümayəndəliklərin əməkdaşları və fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərtər RİHB aparatının şöbə müdirinin müavini - sektor müdiri Murad Səfərov təlim iştirakçılarını və fermerləri salamlayaraq, bu cür maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayıb. Çıxışında rayonda baramaçılığın strateji əhəmiyyətindən bəhs edən M.Səfərov, bu sahənin inkişafı üçün dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğını, yaradılan geniş imkanları diqqətə çatdırıb.
Daha sonra Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev mövzu ətrafında geniş və ətraflı məruzə ilə çıxış edib. O, tut ipəkqurdunun bəslənilməsinin elmi əsasları, kümxanalarda lazımi temperatur və rütubət rejiminin təşkili, həmçinin yüksək məhsuldarlığın əldə edilməsi üçün texnoloji yeniliklər barədə fermerləri məlumatlandırıb.
Ardınca Tərtər DAİM-in direktoru Mehman Babayev çıxış edərək, yerli şəraitdə baramaçılıqla məşğul olan təsərrüfatların mövcud vəziyyəti və cari mövsüm üçün nəzərdə tutulan hədəflər barədə danışıb.
Sonda fermerlərin sualları mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb və qarşıdakı mövsümün uğurla başa vurulması üçün müvafiq tövsiyələr verilib.
25 dəfə oxundu











