“20 il hərbi xidmətdə olmuşam, ancaq hazırda kirayədə qalıram” - Açıqlama
Bu şikayətlə “Qafqazinfo”ya Ağdam rayonundan məcburi köçkün olan, uzun illər Azərbaycan Ordusunda zabit kimi xidmət etmiş Elxan Quliyev müraciət edib.
Vətəndaş bildirib ki, məcburi köçkünlərə mənzil verilməsi barədə bağlanmış müqavilədə valideynlərinin adı qeyd olunsa da, onun və ailəsinin adı qeyd olunmayıb: “1983-cü ildə Ağdam rayonunun Qarapirimli kəndində anadan olmuşam. Ağdam rayonunun işğalı ilə əlaqədar 1993-cü ildən Mingəçevir şəhərində məcburi köçkün kimi məskunlaşmışam. Həmin müddətdə valideynlərimlə eyni təsərrüfatda və eyni qeydiyyatda olmuşam. 2015-ci ildə valideynlərim Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarından mənzillə təmin ediliblər. Lakin valideynlərimə mənzil verilməsi ilə bağlı bağlanmış müqavilədə mənim və ailə üzvlərimin adları qeyd olunmayıb”.
Şikayətçinin sözlərinə görə, o, 2022-ci ildə hərbi xidmətdən ehtiyata buraxıldıqdan bu günədək ailəsi ilə birlikdə müxtəlif kirayə mənzillərdə yaşamaq məcburiyyətində qalıb: “Məqsədim hər hansı imtiyaz tələb etmək deyil. Məqsədim ailəmlə birlikdə normal və daimi şəraitimin olmasıdır. Doğma Ağdam rayonunun Qarapirimli kəndindən məcburi köçkün düşmüş bir vətəndaş kimi ən böyük arzum doğma torpaqlarımıza qayıtmaq və ailəmlə birlikdə öz evimizdə yaşamaqdır”.
Vətəndaşın iddiasına görə, o, məsələ ilə bağlı dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəsmi müraciətlər edərək işğaldan azad olunmuş rayon və şəhərlərdə onun və ailəsinin daimi yaşayış sahəsi ilə təmin olunmasına köməklik göstərilməsini xahiş edib: “Müraciətlərimə bu günədək məni qane edən, məsələnin mahiyyətini tam izah edən və yaşayış sahəsi ilə təmin olunmağımın perspektivini müəyyən edən əsaslandırılmış cavab verilməyib”.
E.Quliyev, həmçinin iddia edib ki, Mingəçevir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarından müvəqqəti istifadə üçün mənzil verilməsi barədə də müraciət edib, lakin bununla bağlı faktiki olaraq nəticə əldə edilməyib: “Dövlət Komitəsinə dəfələrlə şəxsən müraciət etmişəm. Həmçinin vəzifəli şəxslərin qəbuluna yazılmaq üçün qəbul şöbəsində yerləşdirilmiş ərizə və şikayətlər qutusuna yazılı müraciətlər təqdim etmişəm. Buna baxmayaraq, məsələnin həlli və ya konkret əsaslandırılmış cavabın təqdim olunması təmin edilməyib”.
Problemlə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirilib ki, Quliyev Elxan Abbas oğlunun müraciəti Dövlət Komitəsi tərəfindən araşdırılıb: “Sözügedən şəxs ayrı ailə təsərrüfatı olduğundan atası Quliyev Abbas Şükür oğlu ilə birlikdə köçürülməyib. Quliyev Abbas, digər oğlu Quliyev Aqil Abbas oğlu və onun ailə üzvləri ilə birlikdə Mingəçevir şəhərində yerləşən 594 ailəlik qəsəbədə ailə tərkibinə uyğun olaraq 4 otaqlı mənzillə təmin olunublar. Abbas Quliyev vəfat etdikdən sonra həmin mənzildə digər ailə üzvləri yaşadığından, Elxan Quliyevin və onun ailə üzvlərinin sözügedən mənzilə köçürülməsi və müvəqqəti qeydiyyata alınması mümkün deyil.
Onu da qeyd edirik ki, hazırda Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahəsi yoxdur. Məcburi köçkünlər üçün mənzillər yalnız işğaldan azad edilmiş ərazilərdə inşa olunur. İşğaldan azad olunmuş ərazilərin bərpa-quruculuq qrafikinə uyğun olaraq mərhələli şəkildə həyata keçirilən köçürülmə zamanı Elxan Quliyevin və onun ailə üzvlərinin mənzillə təminat məsələsinə qanunvericiliyə uyğun qaydada baxılacaq”.
12 dəfə oxundu











