Maliyyədə şəffaflıq: Yeni nazir buna nail ola biləcəkmi?

Maliyyədə şəffaflıq:
Pərviz Heydərov yazır...

Ölkədə son günlər həyata keçirilən məlum kadr dəyişiklikləri, xüsusilə də 2018-ci ildən bəri əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışan Sahil Babayevin bir müddət boş qalan maliyyə naziri postuna təyin edilməsi ciddi müzakirələrə yol açıb. Əsas mövzu da ondan ibarətdir ki, qeyd olunan kadr təyinatı bütövlükdə maliyyə sektorunda hər hansı bir dəyişikliyə və yeniliyə səbəb olacaqmı və ya buna zəmin yaradacaqmı?

Bəri başdan qeyd edim ki, bəli...

Sual yaranır, ümumiyyətlə, bu fikir nəyə əsaslanır və bunu söyləmək və iddia etmək mümkündürmü?

Məsələ bundadır ki, ölkədə istər iqtisadi, istər siyasi, istər bütün digər sahələrdə islahatların və köklü dəyişikliklərin ilk təşəbbüskarı həmişə ölkə başçısı İlham Əliyev olub.

Sahil Babayev hələ 2018-ci ildə nazir vəzifəsinə təyin edilməmişdən öncə ölkə başçısı artıq sosial istiqamətdə böyük islahatlara başlanılacağını anons etmişdi. Hər şey prezidentin anons etdiyi kimi də oldu, 2019-cu ilin əvvəlindən ölkədə sayca 300-dən artıq vergi dəyişiklikləri qüvvəyə minməklə ilk sosial islahatın paketin icrasına start verildi.

Həmin ildən bəri, bu il də daxil olmaqla beş sosial paket həyata keçirilib. Nəticədə də minimum əməkhaqqı səviyyəsində ötən dövr ərzində 3.1 dəfə, minimum pensiyada üç dəfəyədək, müavinət və təqaüd ödənişlərində isə keçən ilədək beş dəfə artım baş verib. Dövlət büdcəsində sosialyönümlü xərclər 2019-cu ildəki 7.8 milyard manatdan 2.2 dəfə yüksələrək bu il də daxil 16.9 milyarda çatıb.

Yeri gəlmişkən, minimum əməkhaqqının artırıldığı illər sırasına nəzər salsaq 2019-cu ilin xüsusən seçilir. Həmin ilin mart və sentyabr aylarında üst-üstə iki sosial paket icra edilməklə minimum aylıq əməkhaqqı 130 manatdan mərhələlərlə 250 manata qaldırıldı ki, bununla da sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə hər il müəyyən edilən yaşayış minimumu göstəricisini keçdi.

Hansı ki, hökumət neçə illər idi məhz buna nail olmağa çalışırdı.

Artıq beşinci ildir minimum aylıq əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksəkdə təşkil etməklə əvvəlki dövrdən fərqli olaraq daha böyük məna və mahiyyət kəsb edir.

Bütün bunlara necə nail olundu? Əlbəttə, asan olmasa da, çətin də deyil. Sözügedən dönəmdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev buna məhz dövlət başçısının ona verdiyi tapşırıqlar və səlahiyyətlər əsasında nail oldu.

Belə ki, böyük qətiyyət göstərildi - minlərlə saxta yollarla müxtəlif növ sosial müavinət, əmək pensiyası və digər ödənişlər alan vətəndaşlar bu "hüquqlarından" məhrum edildilər və onların mənimsədiyi vəsaitlər dövlətə qaytarıldı. Bu sahədə dəqiq, qərəzsiz imtiyazların əldə olunması üçün mövcud imkanlar və mexanizmlər dəyişdirildi - şəffaflaşdırıldı.

Qeyd olunan bu addımların atılması nəticəsində də milyonlarla əlavə vəsait əldə olunmaqla, həmçinin qənaət təmin edildi. Ona görə də yuxarıda sadalanan artımlara da getmək mümkün və müyəssər oldu. Yəni, bu il də daxil olmaqla beş sosial islahat paketin icrası reallaşdı.

Odur ki, Sahil Babayevin maliyyə naziri postuna gətirilməsi də təsadüfi deyil. Çünki oxşar islahatlara bu dəfə ölkənin bütün maliyyə sferasında ehtiyac var. O baxımdan ki, neft-qaz sektorundan gəlirlər getdikcə azalmaqda olduğundan ümumən dövlət büdcəsi vəsaitlərinə qənaət indi daha ciddi ehtiyac yaranan məsələlərdən birinə çevrilib.

Sosial sferada olduğu kimi, iqtisadi sferada da dövlət büdcəsi vəsaitlərindən təyinatı üzrə istifadə edilməməsi, mənimsəmə, əsassız xərcləmələr var. Hesab edirəm, Prezidentin tapşırıqlarına uyğun olaraq Sahil Babayev bu istiqamətdə də böyük dəyişikliklərə nail olacaq.

Məsələn, dövlət satınalmaları üzrə keçirilən tenderlərdə şəffaflığın təmini, vəsaitə qənaət və eyni zamanda keyfiyyətin təşkili, qorunması kimi amillər iqtisadi gəlirləri sırf resurs satışına bağlı olan ölkəmiz üçün düzgün inkişaf yolunun başlıca sütunlarından biri hesab olunur. Etiraf etmək gərəkdir ki, ölkəmizdə bu sahədə kifayət qədər geniş və əsaslı hüquqi-normativ baza mövcud olsa da heç də hər şey normal vəziyyətdə deyil.

Çünki iqtisadi sistemin özündə problemlər mövcuddur. Bunların sırasında ən mühümü rəqabət şəraitinin olduqca zəif olması və yaxud heç olmamasıdır ki, bu, çox ciddi problem sayılır. Bunun da bir səbəbi ondadır ki, ölkədə bu və ya digər sahə üzrə müvafiq şirkətlərin sayı azdır.

Hələ bununla belə, himayəçilik elementləri, həmçinin inhisarçılıq da mövcuddur.

Bir çox tenderlərdə gizli və aşkar alternativsizlik hökm sürür. Nəticədə də həm keyfiyyət, həm qənaət prinsipləri pozulur. Düzdür, sözügedən məsələdə şəffaflığın təmini və himayəçiliyin tamamilə aradan götürülməsi üçün ilk növbədə iqtisadiyyatın özündə çoxşaxəlilik olmalı, geniş və dərin rəqabət şəraiti hökm sürməlidir...

Həm bu, həm də digər məsələlərdə Maliyyə Nazirliyinin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...