Kritik yaş: Beyin yaşlanması nə zaman başlayır?

Kritik yaş:

Uilyam Şekspirin dediyi kimi, hər birimizin bu "həyat" adlanan böyük səhnəyə giriş və çıxış anları var. Lakin elm insanları, beynimizin bu səhnədə ilk dəfə nə zaman performans itirməyə başladığını müəyyən ediblər.

Qaynarinfo "Science Alert" jurnalına istinadən xəbər verir ki, ABŞ-dakı Stoni Bruk Universitetinin rəhbərliyi ilə aparılan və 19 300 nəfərin beyin taramalarını əhatə edən araşdırmaya görə, beyin yaşlanması 44 yaşından etibarən hiss olunmağa başlayır. Bu proses 67 yaşında ən sürətli mərhələyə çatır və 90 yaşda yavaşlayır.

Mütəxəssislər bildirir ki, bu tapıntılar beyin sağlamlığını qorumaq üçün yeni strategiyalar hazırlamağa imkan yarada bilər. Çünki məhz bu dövrdə beyində geri dönməz dəyişikliklər baş vermədən əvvəl müdaxilə üçün fürsət pəncərəsi açılır.

Beyin yaşlanmasının əsas səbəbi: Enerji itkisi

Tədqiqatçılara görə, beyin hüceyrələrinin yaşlanmasının əsas səbəblərindən biri insulinə qarşı həssaslığın azalmasıdır. Yaş irəlilədikcə, neyronlar insulinə daha zəif reaksiya verir və bu da onların kifayət qədər qlükoza qəbul etməsinə mane olur.

Enerji çatışmazlığı nəticəsində hüceyrələr tədricən funksiyalarını itirməyə başlayır və bu da beynin yavaşlamasına, yaddaş və digər idrak funksiyalarında geriləməyə səbəb olur.

Bu nəzəriyyə tədqiqat qrupunun apardığı genetik analizlərlə də dəstəklənib. Məlum olub ki, beyində qlükoza daşınmasını təmin edən GLUT4 proteini və yağ metabolizmasını tənzimləyən APOE proteini yaş artdıqca daha az aktiv olur. Daha əvvəl aparılmış araşdırmalar APOE-nin Altsheymer xəstəliyi ilə güclü əlaqəsini də ortaya qoymuşdu.

Beyini qorumaq üçün alternativ yanaşmalar

Alimlər beyin hüceyrələrindəki enerji çatışmazlığını kompensasiya etmək üçün alternativ yanacaq mənbələrindən istifadənin yaşlanma prosesini ləngidə biləcəyini düşünürlər. Bu hipotezi yoxlamaq üçün 101 nəfərlik bir qrupa keton əlavələri verildi. Ketonlar beynin insulinə həssaslığını artıraraq metabolik zədələri azaldıb. Nəticələr göstərib ki, keton qəbulundan sonra beyin yaşlanması yavaşladı və xüsusilə 40-59 yaş arası insanlar bundan daha çox faydalanıb.

Mütəxəssislər vurğulayırlar ki, beyin sağlamlığını qorumaq yalnız yaşlılıq dövründə deyil, orta yaşda da prioritet olmalıdır. Beyin yaşlanmasının qarşısını almaq üçün erkən diaqnostika və vaxtında müdaxilə, gələcəkdə Altsheymer və digər neyrodegenerativ xəstəliklərlə mübarizədə həlledici rol oynaya bilər.

Bu səbəbdən sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət və beyin üçün faydalı qida əlavələrinin erkən yaşlardan etibarən qəbulu, yaşlandıqca daha sağlam zehni fəaliyyətin təmin olunmasında kritik əhəmiyyət daşıya bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...