Viktor Orban: "Zelenskinin hədələri nəticəsiz qalmayacaq"
Macarıstan Baş naziri Viktor Orban bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin açıq hücumları və hədələri nəticəsiz qalmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Magyar Nemzet” yazır.
"Bu, çox gərgin bir həftəsonu idi. Prezident Zelenski açıq şəkildə Macarıstana hədə-qorxu gəldi. O etiraf etdi ki, biz onların Avropa İttifaqına üzvlüyünü dəstəkləmədiyimiz üçün "Drujba” kəmərinə atəş açırlar. Bu da göstərir ki, macarlar düzgün qərar qəbul ediblər”, deyə Orban qeyd edib.
Macarıstanın Baş naziri əlavə edib ki, "şantaj, partlayışlar və hədələrlə Aİ-yə daxil olmaq mümkün deyil”.
"Zelenskinin sözləri uzunmüddətli nəticələrə səbəb olacaq”, deyə o vurğulayıb.
Bundan əvvəl UNİAN xəbər vermişdi ki, Macarıstan və Slovakiya hakimiyyətləri "Drujba” neft kəmərinə edilən hücum nəticəsində bu ölkələrə Rusiyadan neft tədarükünün yenidən dayandırılması ilə bağlı Avropa Komissiyasına məktub göndəriblər. Avropa Komissiyası bildirib ki, vəziyyəti diqqətlə izləyir, lakin bunun Avropa İttifaqı üçün enerji təhlükəsi yaratdığını görmür. Mətbuat xidmətinin əlavə etdiyinə görə, Slovakiya və Macarıstan zəruri fövqəladə neft ehtiyatlarını saxlayır və fövqəladə hal yaranacağı təqdirdə bazara buraxa bilərlər.
Həmçinin qeyd olunub ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bəyan edib: Macarıstan Ukrayna Prezidenti Volodimir Zelenskiyə nə vaxt və nə deməli olduğunu diktə edə bilməz, çünki o, Ukraynanın, yox, Macarıstanın rəhbəridir. Sibiqa əlavə edib ki, Macarıstanın enerji təhlükəsizliyi onun öz liderlərinin əlindədir. O, Avropanın qalan hissəsi kimi Rusiyadan asılılığı aradan qaldırmağı məsləhət görüb.
46 dəfə oxundu