İcra başçısı Misir Mərdanovun qohumuna yüksək vəzifə verdi
Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Elxan Allahverdiyev Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə təyin edib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, icra başçısı bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, rayon icra başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə Seyfəddin Dəmirli təyin olunub.
O, bu təyinatadək icra hakimiyyətində Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) vəzifəsində çalışıb.Qeyd edək ki, S.Dəmirli Binəqədi RİH-də 2022-ci ildən bəri işləyir. O, əmək fəaliyyətinə 2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Bakı 6 nömrəli Yol İstismarı MMC-nin sahə rəisi kimi başlayıb.
S.Dəmirli vaxtilə bir çox yüksək vəzifələrdə çalışmış - Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin sabiq rəisi və Bakı 6 nömrəli Yol İstismarı MMC-nin sabiq rəisi Allahverdi Dəmirovun oğludur. Mətbuatda A.Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu barədə məlumatlar dərc olunub.
Məlumat üçün onu da bildirək ki, hazırda Bakı 6 nömrəli Yol İstismarı MMC-yə Allahverdi Dəmirovun digər oğlu Tural Dəmirli rəhbərlik edir. Kommersiya qurumlarının dövlət reyestrində onun adı MMC-nin qanuni təmsilçisi olaraq göstərilir.
3 dəfə oxundu











