Dövlət büdcəsi məmurlar arasında belə bölüşdürülür
Əgər QHT sədri hazırda Ədliyyə Nazirliyində vəzifə tutursa, bu fakt necə gözdən qaça bilər?
Yenixeber.org: Artıq bir müddətdir ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsinin nəticələri araşdırılır. Araşdırmanın dərinləşməsi ilə ortaya çıxan mənzərə isə sadəcə narahatlıq doğurmur, çox qorxuncdur – dövlət büdcəsinin sistemli şəkildə “öz aralarında” paylanması ehtimalını açıq şəkildə ortaya qoyur.
Bu, ayrı-ayrı səhvlərdən ibarət təsadüfi hallar deyil. Bu, bir mexanizmdir. Elə bir mexanizm ki, burada qrantlar ideyaya, təcrübəyə və ictimai faydaya görə yox, vəzifəyə, əlaqəyə və səlahiyyətə görə bölüşdürülür.
Adı Avropadır, fəaliyyəti isə… Probasiya
Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumatlar sırasında 2025-ci il üzrə qrant qalibləri sırasında yer alan “Avropaya İnteqrasiya Mərkəzi” İctimai Birliyi xüsusilə diqqət çəkir. Təşkilatın adı aydın mesaj verir: Avropa institutları, inteqrasiya, beynəlxalq standartlar, islahatlar.
Amma bu QHT-nin maliyyələşdirilən layihəsinin adı belədir:
“Probasiya nəzarətində olan həssas qrupların sosial reinteqrasiya təşəbbüsləri”.
Burada sadəcə uyğunsuzluq yox, tam ziddiyyət var.
· Avropaya inteqrasiya ilə probasiya sistemi arasında hansı institusional əlaqə mövcuddur?
· Bu QHT- -nin probasiya sahəsində ixtisaslaşdığına dair açıq mənbələrdə hansı faktlar var?
· yoxsa qrant müsabiqələrində artıq mövzu yox, əlaqə əsas kriteriyaya çevrilib?
Bu suallar cavabsız qalır. Çünki görünən odur ki, layihənin mövzusu formal detal sayılır.
Əsl sensasiya isə buradan başlayır
Araşdırmalarımızla üzə çıxan fakt artıq sadəcə tənqid deyil – ictimai qalmaqal səviyyəsindədir.
Məlum olur ki, sözügedən QHT-nin sədri Səyyad Məcidov:
əvvəllər Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin rəisi olub,
hazırda isə Probasiya Xidmətinin Sosial adaptasiya və reabilitasiya şöbəsinin rəisidir,
yəni birbaşa probasiya sahəsinə cavabdeh olan vəzifəli şəxslərdən biridir,
üstəlik, xüsusi rütbə daşıyan dövlət qulluqçusudur.
Səyyad Məcidov
Mediada açıq mənbələrdə bu şəxsin bir neçə il əvvəl Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən mayor rütbəsi ilə təltif edildiyi də yer alır.
İndi diqqətlə baxaq:
· Dövlət məmuru,
· Probasiya sahəsində rəhbər vəzifə,
· QHT sədri,
· Və həmin sahə üzrə qrant alan layihə.
Bu artıq təsadüf deyil. Bu, maraqlar toqquşmasının klassik nümunəsidir.
QHT sədri – məmur – qrant alıcısı: üçbucaq tamamlanır
Meydana son dərəcə təhlükəli sual çıxır:
Bir dövlət qulluqçusu öz çalışdığı sahə üzrə layihəni QHT adı altında icra edə bilərmi?
Azərbaycan qanunvericiliyində və Ədliyyə işçilərinin etik davranış qaydalarında bu məsələlər kifayət qədər aydın göstərilib. Dövlət qulluqçularının QHT-lərdə təmsil olunması, xüsusən də maliyyə münasibətlərində iştirakına dair açıq məhdudiyyətlər mövcuddur.
Bu məsələyə hüquqi qiymət vermək nə jurnalistlərin, nə də ictimai fəalların işidir. Bu, birbaşa aidiyyatı nəzarət orqanlarının öhdəliyidir.
Amma suallar vermək də cəmiyyətin haqqıdır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi nəyi “görmür”?
QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant müsabiqələri zamanı təşkilatlardan sədrin CV-sini tələb edir. Bəs bu CV-lər:
· oxunurmu?
· yoxlanılırmı?
· yoxsa sadəcə “sistem üçün yüklənən sənəd” funksiyasını daşıyır?
Əgər QHT sədri hazırda Ədliyyə Nazirliyində vəzifə tutursa, bu fakt necə gözdən qaça bilər?
Daha da qəribəsi odur ki, bütün qrant müqavilələri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat İdarəsinə təqdim olunur. Orada da öz əməkdaşının qrant müqaviləsində tərəf olmasına heç kim diqqət yetirmir?
Bu səhlənkarlıqdır, yoxsa bilərəkdən görməməzlikdən gəlməkdir?
Bu, tək fakt deyil – bu, sistemli problemdir
Bu fakt nə ilkdir, nə də son. Qarşıdakı günlərdə digər məmur-QHT əlaqələri, formal müsabiqələr və şübhəli qaliblərlə bağlı yeni ifşalar təqdim olunacaq.
Artıq aydın görünür ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində şəffaflıq mexanizmi işləmir, dövlət büdcəsi eyni çevrənin daxilində dövr edir.(Yenixeber.org)
Yazıda adları hallanan tərəflərin cavab haqqını tanıyırıq.
26 dəfə oxundu










