“Telegram”da hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan şəxsə bəraət verildi – QƏRAR

“Telegram”da hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan şəxsə bəraət verildi –  Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymada ittiham olunaraq bəraət alan A.Musayevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti təmin edilməyib.

İttihama görə, A.Musayev tanışı S.S. (adı, soyadı şərtidir) ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə zərərçəkmiş şəxslərdən pul tələb etməkdə, eyni zamanda pornoqrafik materialları qanunsuz yaymaqda ittiham edilib.

İstintaq materiallarında göstərilib ki, o, 2021-ci ilin avqust ayında zərərçəkmiş şəxs T.T.-ə (adı, soyadı şərtidir) məxsus pornoqrafik xarakterli çoxsaylı fotoşəkilləri və 1 ədəd videogörüntünü özünün və S.S.-in idarə etdiyi “Tərbiyəsiz qızlar ifşa”, “Bax amma sil” və “Bədbəxt kişilər klubu” adlı teleqram kanallarında qanunsuz olaraq yayımlayıb və reklam edib. Həmin materialların yayılması ilə kanalların izləyici sayının artırıldığı, eyni zamanda bu görüntülərlə qanunsuz ticarət aparıldığı iddia olunub.

İttiham aktına əsasən, S.S həmin materialların daha geniş yayılacağı hədəsi ilə 2021-ci ilin avqust ayında mobil telefon vasitəsilə zərərçəkmiş şəxslə əlaqə yaradaraq ondan 500 manat pul tələb edib. Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatların yayılmaması üçün bu tələbi qəbul etməyə məcbur olub və 15 avqust 2021-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ödəmə terminalı vasitəsilə 500 manat məbləğində pul vəsaitini A.Musayevin istifadəsində olan bank kartına köçürüb. Pul vəsaitinin daha sonra cinayətkar razılaşmaya əsasən tərəflər arasında bölüşdürüldüyü bildirilib.

İttiham aktında həmçinin qeyd olunub ki, oxşar əməllər 2021-ci ilin noyabr ayında zərərçəkmiş A.A.-ya (adı, soyadı şərtidri) qarşı da törədilib. Belə ki, ona məxsus çılpaq görüntülü fotoşəkil həmin teleqram kanallarında nümayiş etdirilib və rüsvayedici məlumatların yayılacağı hədəsi ilə yenidən 500 manat pul tələb olunub. Zərərçəkmiş şəxs də hədə-qorxu nəticəsində 16 noyabr 2021-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən ödəmə terminalından eyni bank kartına pul köçürməyə məcbur olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Musayevin Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bu maddələr üzrə bəraət verilib. Eyni zamanda, məhkəmə onu Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətləri verərək, Cinayət Məcəlləsinin 242-ci maddəsi üzrə də bəraət verilməsini xahiş ediblər. Dövlət ittihamçısı isə apellyasiya protesti ilə çıxış edərək, bəraət hissəsinin ləğv edilməsini və A.Musayevin Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə də təqsirli bilinməsini tələb edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti təmin edilməyib, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətləri isə təmin olunub. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü qismən ləğv edilib, A.Hüseynova Cinayət Məcəlləsinin 242-ci maddəsi üzrə də təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilib, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalından dərhal azad edilib. Birinci instansiya məhkəməsinin hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
3 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...