Qlobal borc 2025-ci ildə rekord həddə çatdı - HESABAT
Qlobal borc ötən il təxminən 29 trilyon dollar artaraq 348,3 trilyon dollara çatıb.İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) “Qlobal borc monitorinqi” hesabatını dərc edib.
Hesabata görə, qlobal borcun yığılma tempi keçən il kəskin surətdə artıb və bu, pandemiya zamanından bəri ən sürətli artım olub. Beləliklə, qlobal borc bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Qlobal borc artımının təxminən üçdə ikisi büdcə kəsiri xərclərinin artması səbəbindən inkişaf etmiş bazarlarda yaranıb. Ötən ilin son rübündə inkişaf etmiş iqtisadiyyatlarda ümumi borc 231,7 trilyon dollar, inkişaf etməkdə olan ölkələrdə isə 116,6 trilyon dollar olub.
Qlobal borcun ümumi daxili məhsula (ÜDM) nisbəti isə təxminən 308 faizə düşüb. Bu azalma, inkişaf etmiş bazarlar hesabına olub, inkişaf etməkdə olan bazarlarda isə borcun ÜDM-ə nisbəti artmağa davam edib.
Borcun bölgüsünə nəzər salsaq, ötən ilin dördüncü rübündə ev təsərrüfatlarının borcu 64,6 trilyon dollar, qeyri-maliyyə korporativ borcu 100,6 trilyon dollar, dövlət borcu 106,7 trilyon dollar, maliyyə sektorunun borcu isə 76,4 trilyon dollara yüksəlib.
Hökumət borcları 2025-ci ildə qlobal borc artımının 10 trilyon dollarından çoxunu təşkil edib və artımın təxminən dörddə üçü Çin, ABŞ və Avrozonadan qaynaqlanıb.
Avropa daxilində dövlət borcunun genişlənməsi əsasən Fransa və İtaliyada, sonra isə Almaniyada cəmləşib.
Hesabatda qeyd olunub ki, gələcəyə nəzər salsaq, xüsusilə ABŞ, Çin, Almaniya, Yaponiya və Hindistanda dövlət borclanma ehtiyaclarının artması səbəbindən qlobal borcun yüksələcəyi gözlənilir.
5 dəfə oxundu











