Bankların yeni kredit oyunu: pulu müştərilərə belə satır
KONKRET.az xəbər verir ki, pul siyasəti texniki baxımdan yumşalıb. Uçot dərəcəsi 2025-ci ilin aprelindəki 7.25%-dən 2026-cı ilin fevralında 6.5%-ə endirildi. Depozit faizləri də bu trendi izlədi — 2024-cü ilin oktyabrındakı 8.7%-dən 2025-ci ilin sonunda 6.5%-ə düşdü. Amma kredit faizləri yüksək qaldı. 2025-ci ilin dekabrında ümumi kredit faizlərinin ortalaması 18.69% təşkil etdi. Nəticədə banklar arasındakı fərq – yəni faiz marjası – genişləndi. Banklar daha ucuza pul alıb, eyni və ya daha baha qiymətə satmağa davam etdi.
İstehlak kreditlərinin ən aşağı faizi 9.9%-dən başlayır, bəzi banklarda isə 18%-ə çatır. Kredit kartı ilə verilən kreditlərin orta faizi 25%, məişət avadanlıqları kreditlərinin orta faizi isə 26% səviyyəsindədir. İnsanlar həm bahalaşan məhsulları alır, həm də həmin alışlar üçün əvvəlkinə nisbətən daha ağır şərtlərlə borc götürür.
Avtomobil bazarı bu dəyişimin ən aydın güzgüsü oldu. 2024-cü ilin sonunda avtomobil kreditlərinin orta faizi 10% ətrafında idi, 2025-ci ilin birinci rübündə bu 12%-ə yüksəldi. Bəzi banklarda isə bu rəqəm 24%-ə qədər çıxır. Faizlər artdıqca yeni avtomobillərə tələb azaldı, insanlar köhnə maşınlara yönəldi, köhnə maşınların qiyməti isə qalxdı. Belə bir paradoks yarandı: kredit bahalaşdı, amma insanlar daha çox kredit götürməyə məcbur oldu – çünki başqa çıxış yolu qalmadı.
Kommersiya kreditlərinin həcmi artıb, amma bu müsbət işarət deyil. Bəzi bankların kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 30-35% artıb. Faizlər ucuzlaşmayıb, sadəcə kredit götürməyə məcbur olan sahibkarların sayı artıb. Bank sektorunun ümumi kredit portfeli isə 30.1 milyard manata çatıb.
Bütün bunlara paralel olaraq inflyasiya da yüksək qalır. 2025-ci ildə illik inflyasiya 5.6% oldu, 2026-cı ildə 5.7% proqnozlaşdırılır. Yəni vətəndaş həm bahalaşan qiymətlərlə, həm də yüksək kredit faizləri ilə eyni anda üzləşir.
Qarşıdakı aylarda Mərkəzi Bankın ilin sonuna qədər bir-iki kiçik endirim edəcəyi gözlənilir. Fitch Solutions 2026-cı ilin sonuna qədər uçot dərəcəsinin 6%-ə enəcəyini proqnozlaşdırır. Amma son iki ilin təcrübəsi göstərir ki, rəsmi endirim avtomatik olaraq ucuz kreditə çevrilmir. Banklar bu fürsəti marjalarını genişlətmək üçün istifadə edir. Kredit tələbatı güclü olduğu müddətcə bu davranışın dəyişməsi üçün ciddi əsas yoxdur.
Xaricdən gələn risklər ayrıca narahatlıq mənbəyidir. Qlobal ticarət gərginliyi artarsa, idxal mallarının qiyməti qalxacaq, bu da Azərbaycana inflyasiya kimi yansıyacaq. Belə ssenaridə Mərkəzi Bank faiz endirimlərini dayandırmaqla kifayətlənməyib, yenidən artırmağa məcbur ola bilər. Bu isə son illərin bütün yumşaldılma səylərini bir anda sıfırlaya bilər./globalinfoaz
3 dəfə oxundu













